Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumlar barədə təqdimata baxılma qaydası müəyyənləşir

Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumlar barədə təqdimata baxılma qaydası müəyyənləşir
# 05 dekabr 2022 18:02 (UTC +04:00)

Terrorçuluqla əlaqədar fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimata baxılması qaydası müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan yeni - LX fəsildə (Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat) əksini tapıb.

Layihəyə əsasən, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən, təqdimat məhkəməyə daxil olduqdan sonra 48 saat müddətində baxılır.

Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat vermiş orqana (quruma), barəsində təqdimat verilmiş fiziki şəxsə və ya quruma, çıxarılacaq məhkəmə qərarının hüquq və mənafelərinə təsir göstərə biləcək digər maraqlı şəxslərə (onlar məlum olduqda), onların müdafiəçilərinə və ya qanuni nümayəndələrinə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Barəsində təqdimat verilmiş fiziki şəxs və ya qurum, eləcə də maraqlı şəxs məhkəmə iclasında iştirak edə, habelə onların qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil vasitəsi ilə təmsil oluna bilərlər.

Təqdimata baxılma yeri və vaxtı barədə məlumatlandırılmış yuxarıda göstərilən şəxsin və ya qurumun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi təqdimata baxılmasına mane olmur.

Məhkəmə təqdimatda göstərilən məlumatları təsdiq və ya təkzib edən şəxsi və ya qurumun nümayəndəsini dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir.

Məhkəmə təqdimatın təmin edilməsi və ya rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Qərar dərhal qüvvəyə minir.

Qərarın surəti elan edildiyi vaxtdan 3 gün müddətində yuxarıda göstərilən şəxslərə və qurumlara göndərilir.

Yuxarıda göstərilən şəxslər və qurumlar məhkəmənin qərarından, qərarın alındığı vaxtdan 10 gün müddətində apellyasiya şikayəti (protesti) və apellyasiya instansiyası məhkəməsinin qərarından eyni qaydada kassasiya şikayəti (protesti) verə bilərlər. Qərardan şikayət verilməsi onun icrasını dayandırmır.

Apellyasiya və kassasiya instansiyası məhkəmələrində müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərinə və ya protestlərinə bu maddədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə müəyyən edilmiş ümumi qaydada baxılır.

Təqdimatın təmin edilməsi barədə qərar “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunla müəyyən edilmiş qaydada icra edilir və barəsində qərar qəbul edilmiş fiziki şəxs və ya qurum məlumatlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR