Uşaqların istifadə etdikləri sosial şəbəkələrlə bağlı monitorinqlər və məhdudlaşdırıcı tədbirlər təklif olunur

Uşaqların istifadə etdikləri sosial şəbəkələrlə bağlı monitorinqlər və məhdudlaşdırıcı tədbirlər təklif olunur
# 03 mart 2023 14:05 (UTC +04:00)

Ombudsman ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılmasını təklif edir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, məişət zorakılığının qurbanı olan uşaqların hüquqlarının təmin edilməsi, onların zorakılıqdan müdafiəsinin səmərəli təşkili məqsədilə yerli icra hakimiyyətləri, polis orqanları da cəlb edilməklə məqsədli proqramlar hazırlanmalı və həyata keçirilməlidir.

Bildirilib ki, məişət zorakılığı hallarının artmasına sosial şəbəkələrin və internet resurslarının da əhəmiyyətli təsiri var. Bu sahələrlə bağlı mətbuatda və sosial şəbəkələrdə yer alan məlumatlara olduqca həssas yanaşılmalıdır. Belə ki, bəzən zərərli vərdişlər və zorakılıq halları ilə bağlı dərc edilən məlumatlar auditoriyada, xüsusən də bu məsələlərə münasibətdə daha həssas olan uşaq və gənc yaşlı şəxslərdə həmin sahələrə maraq yarada bilər. Təhsil müəssisələrində maarifləndirici tədbirlərin həyata keçirilməsi zamanı, eləcə də sosioloji sorğular aparılarkən bu hallara xüsusən diqqət yetirilməlidir.

Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaq və gənc yaşda olan şəxslərin daha çox istifadə etdikləri sosial şəbəkə və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına neqativ təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi məqsədəmüvafiqdir. Bu istiqamətdə təhsil müəssisələrində əsas hədəf qruplarından biri kimi, valideynlərlə də davamlı olaraq maarifləndirici işlər aparılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR