"YAŞAT": 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir

Elvin Hüseynov

© APA | Elvin Hüseynov

# 24 iyun 2022 11:50 (UTC +04:00)

"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib".

APA xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, ümumilikdə 176 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür.

"Müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb. Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib" - deyə Elvin Hüseynov qeyd edib.

Fond rəhbəri əlavə edib ki, 28 fevral - 07 mart 2021-ci il tarixlərində İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib.

"Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. Həmçinin ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub" - Elvin Hüseynov bildirib.

O qeyd edib ki, gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

"2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. 2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib".

Elvin Hüseynov onu da qeyd edib ki, Türkiyənin İstanbul, Bursa və İzmit şəhərində Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya təşkil olunub.

"Komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin iki əməkdaşı daxildir. Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası (beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu) ölkəmizə gəlib. Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 yaralı və bir şəhid övladını müayinə edib. 2022-ci il 20 may tarixində “YAŞAT” Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə Respublikasında müalicəsi davam edən bəzi şəxslərin ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harda davam etdirmələri barədə müzakirələr aparılıb" - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR