"Şahdağ”da qış turizm mövsümünə start verilib

"Şahdağ”da qış turizm mövsümünə start verilib
# 14 dekabr 2019 14:21 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib.

APA-nın məlumatına görə, bununla əlaqədar media nümayəndələrinin “Şahdağ” Turizm Mərkəzinə mediaturu təşkil edilib. Qış turizminin açılışı ilə bağlı keçirilən mətbuat konfrasında" Şahdağ" Turizm Mərkəzinin sədri Rodderich Lefter bildirib ki, qonaqların şərhlərinə hər zaman diqqət yetirilir:

"Bunu nəzərə alaraq, qiymət strategiyasında optimallaşma həyata keçirmişik. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib".

Onun sözlərinə görə, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağının artdığı müşahidə olunur: "Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür. Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, "avtoxizək" xidməti əlavə etmişik. Biz bu gün son 6 ildə ilk dəfə olaraq sürüşmə zolaqlarının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı".

R.Leffler əlavə edib ki, yeni əyləncələr hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayında 5 faizə yaxın artım olacağı gözlənilir. Turistlərin təhlükəsizliyi məsələsinə toxunan sədr bildirib ki, bu, prioritet məsələdir: "Müxtəlif fövqəladə hallar üzrə proqramımız, treninqlərdən keçmiş peşəkar işçilərimiz var. 7 gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir, hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Onu da qeyd edim ki, xizək sürmək üçün keçid kartlar alınan zaman artıq turistlər sığortalanır".

R.Leffler Azərbaycanda qış idmanlarının populyarlaşdığını qeyd edib. O əlavə edib ki, "Şahdağ"a yerli turistlər daha çox gəlir: "Amma qonşu ölkələrdən də turistlər çoxdur. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur".

R.Leffler əlavə edib ki, hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var və bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub.

Leffler gələn turistlərin rahatlığının təmini üçün "Şahdağ" yaxınlığında SOCAR yanacaq doldurma məntəqəsinin tikildiyini də söyləyib.

Qeyd edək ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan mediaturun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR