AMEA: Bəzi rayonlarda kollektor sularından suvarmada istifadə olunur

AMEA: Bəzi rayonlarda kollektor sularından suvarmada istifadə olunur
# 17 iyul 2020 11:18 (UTC +04:00)

“Su probleminin bəzi rayonlarda çox önə çıxmamasının əsas səbəblərindən biri də kollektor sularından suvarmada istifadə edilməsidir”

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, bu problem neçə illərdir Kür-Araz ovalığında davam edir: “Bu ovalıqda çətinlik yaranan kimi kollektorların suyundan suvarmada istifadə olunur. Təbii ki, bu, yolverilməzdir. Kollektor suları təmiz deyil, kimyəvi cəhətdən çirklənmiş, ekoloji normalara uyğun olmayan sulardır. Bu da gələcəkdə torpaqların şoranlaşmasına, insanlarda müxtəlif xəstəliklərin üzə çıxmasına səbəb olacaq. İmişli rayonu ərazisində çox böyük qum-çınqıl karxanaları var. Onlarda da müəyyən qədər sular toplanıb. Bu sulardan da suvarmada istifadə olunur. Bu da artıq problemin ciddiliyini göstərir. Həmin şor sularla bitkiləri suvarmaq gələcəkdə bizim üçün çox ciddi problemlər yaradacaq”.

M. İsmayılov deyib ki, Azərbaycanda su problemlərinin yaranması artıq neçə illərdir özünü büruzə verməkdədir: “Məsələn, Bolqarçay su anbarı quruyub. Düzdür, anbar tikilib, amma su yığa bilmir. Sonra Hacıqabul gölünün quruması da su probleminin neçə illik işarəsi idi. Artıq bu problemlər olanda məsələ haqqında düşünmək lazım idi. Bunlar haqqında hər il elmi hesabatlarımızda müəyyən qədər məlumat veririk. Lakin apardığımız tədqiqatlar dövlət orqanları tərəfindən ciddi şəkildə istifadə edilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR