Anar Kərimov: “2021-ci ildə vahid əmək münasibətləri platformasını yaratmağı planlaşdırmışıq”

Anar Kərimov: “2021-ci ildə vahid əmək münasibətləri platformasını yaratmağı planlaşdırmışıq”
# 23 dekabr 2020 11:53 (UTC +04:00)

“Məşğulluq alt sistemində təqribən 120 min vakansiya artıq qeydiyyata alınıb, onların 35 minindən aktiv şəkildə biznes nümayəndələri istifadə edə bilərlər”.

APA-nın məlumatına görə, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O qeyd edib ki, il ərzində bir çox tədbirlər onlayn keçirilib, gələcəkdə əmək yarmarkalarının da onlayn şəkildə keçirilməsi də düşünülür: “Bu il ərzində peşəkar işçi qüvvəsinin formalaşması vacib istiqamətlərdə biri idi. İl ərzində təxminən 40 min vətəndaşə peşəyönümlü məsləhət verilib, 1000-ə yaxın vətəndaş peşə yönümlü təlimlərindən keçib. Vacib proqramlardan biri də özünüməşğulluq proqramıdır. 2016-cı ildən 1000 nəfərlik iştirakçı ilə başlamasına baxmayaraq bu il ərzində artıq 12 min ailə öz aktivlərini alacaqlar. Sevindirici haldır ki, buna özəl sektor, banklar da qoşulub. Məsələn, 2020-ci ildə artıq 1000 vətəndaşın cəlb olunması üçün yerli banklar qoşulmuşdu”.

A.Kərimov deyib ki, gələn il ərzində çox aktiv şəkildə vahid əmək münasibətləri platformasını yaratmağı planlaşdırıblar: “Bu da öz növbəsində imkan verəcək ki, rəqəmsal kadr uçotu sistemi yaradılsın. Əməyin hesablanması və ödənilməsi qanunvericiliyə uyğun təşkil edilsin. Eyni zamanda ölkə üzrə insan resursları vahid idarəetmə sistemləri üçün bir baza yaradılacaq. Eyni zamanda sahibkarlar üçün əmək bazarının təhlili funksionallığı yaradılacaq. Digər bir vacib istiqamət də, xüsusilə pandemiya dövründə və biznes sektorun işlərinə töhfə vermək məqsədilə düşünürük ki, ölkənin rəqəmsal məşğulluq xəritəsini yaradaq. Bu da imkan verəcək ki, sistemdə toplanılmış məlumatlar dövlət informasiya sisteminə inteqrasiya olunsun. Ölkənin bütün inzibati ərazi üzrə bölgüsü, əsas məşğulluq, demoqrafiya göstəriciləri, əmək ehtiyat balansı, peşə ixtisasları xəritəsi, ərazi məşğulluq proqramları hamısı vahid elektron bazada sahibkarlar üçün toplanacaq”.

Nazir müavini əlavə edib ki, bir istiqamət də proaktiv xidmətlərin göstərilməsi olacaq: “Çünki bir çox hallarda biz görürük ki, daha çox son vaxtlar proaktiv xidmətlər müsbət qarşılanır. Gələcək üçün biznes sektorlarla əsas əməkdaşlıq sahələrimiz bunlar olmalıdır. Sosial iş yerlərində işçilərin əmək haqqısının bir müəyyən müddətə sığortaedənlərlə birlikdə maliyyələşməsi də yeni proqramdır. Bu il ərzində təqribən 35 şirkətlə müqavilə bağlamışıq. Düşünürük ki, 2021-ci il ərzində təxminən 400 nəfər işçinin maliyyələşməsinə imkan yarada bilərik. Düşünürük ki, ağır pandemiya dövründə bu da sahibkarlarımızın biznesi üçün müsbət töhfə olar. Eyni zamanda peşə təlimlərinin təşkilində də sahibkarlara kömək edə bilərik. Gələcəkdə aktiv şəkildə biznes sektorla sosial proqramların icrasında çox yaxından əməkdaşlıq edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR