Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlanıb

Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlanıb
# 07 avqust 2020 16:37 (UTC +04:00)

“Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır”.

APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə komitənin 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında bildirib.

Onun sözlərinə görə, ötən müddətdə koronavirus pandemiyası ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirilib, dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tövsiyələr və çağırışlar edilib:

“Daxil olan məlumatlara və monitorinqlərin nəticəsinə görə, karantin dövründə ölkədəki ibadətxanalarda kütləvi tədbirlərin keçirilməsi halları qeydə alınmayıb. Hazırda məscidlərdə azan verilir, bəzi müsəlman və xristian din xadimləri tərəfindən onlayn moizələr oxunur. Müsəlman icmaları Ramazan ayı, xristian icmaları Pasxa, yəhudi icmaları Pesaxla bağlı tədbirlərini sosial şəbəkələr vasitəsilə həyata keçiriblər. Müsəlman icmalarla yanaşı, qeyri-müsəlman icmalar da xüsusilə pandemiya dövründə qaydalara əməl etməklə, cəmiyyətimizin maariflənməsində fəal iştirak edir, koronavirusla mübarizədə həmrəylik nümayiş etdirirlər”.

Son hesablamalara görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.

İclasda bildirilib ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 73 adda dini ədəbiyyata baxılaraq, onlardan 1-nin çapı məqsədəuyğun sayılmayıb. Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq mühafizə orqanları tərəfindən Dövlət Komitəsinə göndərilmiş 115 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallardan 26-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. Eyni zamanda, ötən dövr ərzində 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR