Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib
# 18 yanvar 2021 16:03 (UTC +04:00)

Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı bəyanat veriblər.

APA-nın məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycan dövlətçilyinin bərpası, milli müstəqilliyimiz uğrunda qurban getmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməz, əbədidir.

20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. 20 Yanvarda sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev bütün təqiblərə baxmayaraq, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi ittiham dolu açıq məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider və dini rəhbərin qətiyyətli mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi olaraq həkk olundu.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərlə üz-üzə qaldı. Azərbaycanın müdrik lideri Heydər Əliyevin SSRİ politbürosundan məkr və hiylələrlə uzaqlaşdırılmasından sonra ölkəmizə ərazi iddialarını ortaya qoyan Ermənistan Azərbaycanda mövcud daxili çəkişmə, xaos və siyasi səriştəsizlik mühitindən yararlanaraq 20 faiz torpaqlarımızı işğal etdi. Azərbaycanın taleyi, hətta müstəqil dövlət kimi varlığı şübhə altında olduğu bir vaxtda xalqın çağırışları ilə ölkə rəhbərliyinə dəvət edilən Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Naxçıvanda qaldıran müdrik lider öz siyasi dühası ilə Azərbaycan Respublikasının siyasi, iqtisadi qüdrətini təmin etdi, dövlətimizi beynəlxalq müstəvidə tanıtdı. Ulu Öndər müəllifi olduğu müasir Azərbaycan dövlətçiliyinin gələcək qələbələrinin memarı oldu. Onun siyasi yolunun davamçısı, millət, dövlət naminə ata vəsiyyətinə əməl edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi - işğalda olan torpaqlarımızı, Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı.

Beynəlxalq hüququ heçə sayan, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirən və silahlı təxribatlarından əl çəkməyən Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi. Torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandı, Azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşının qalibi oldu.

Bu zəfərə gedən yolun bünövrəsi, heç şübhəsiz ki, 20 Yanvarda qoyuldu. 20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Qarabağ uğrunda müharibənin - Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün bütün ülvi arzularına yetişəcək, işğaldan azad olunmuş doğma torpaqlarımız gülüstana çevriləcək, inşallah. Şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq, dövlət naminə davamlı səyləri sayəsində ölkəmizin siyasi, iqtisadi qüdrəti daha da artır, beynəlxalq nüfuzu daha da güclənir, mədəni, dini-mənəvi dəyərləri ən yüksək səviyyədə qorunaraq inkişaf etdirilir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlət başçısı zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə və ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələrə, məscid, kilsə, sinaqoqlara diqqət və qayğısının əyani şahididir.

Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında çiyin-çiyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Şəhidlərimiz bizim qürur mənbəyimiz, Azərbaycan torpağının əziz övladlarıdır. Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin! Vətən sağ olsun!

Azərbaycanın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi xalqımız üçün bütün taleyüklü məqamlarda ölkəmizdəki bütün dini konfessiyalarla birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişdir. Din xadimləri gecəli-gündüzlü öz mənəvi missiyalarını, vətəndaşlıq borclarını ən yüksək səviyyədə həyata keçirmiş, dini ayinlərin icrası, şəhidlərimizin dəfni ilə bağlı xalqın, şəhid ailələrinin yanında və xidmətində olmuşlar. Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi günlərində dini konfessiya rəhbərləri ilə birgə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, nüfuzlü dini mərkəzlərə müraciətlər ünvanlamış, ədalətli mübarizəmizin reallıqlarını, erməni tərəfinin törətdiyi vandal, barbar hərəkətlər barədə məlumatları yaymışdır. Məramımız Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini işğal etmiş təcavüzkar Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini, BMT-nin 4 qətnaməsini yerinə yetirməməsini və ölkəmizin öz ərazisində, öz torpaqları uğrunda apardığı haqq mücadiləsinin ədalətli səciyyə daşıdığı barədə həqiqətləri ictimailəşdirmək olmuşdur. Təəssüflər olsun ki, bəzən problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşan dünya bilməlidir ki, XX əsrdə ən qanlı terror aktları, insanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror — Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi də vardır, XXI əsrdə özgənin torpağını işğalda saxlamağa, mədəni, dini-mənəvi dəyərlərini məhv edən, kilsələrin tarixini saxtalaşdıraraq mənimsəməyə cəhd edən, məscidləri tövləyə çevirərək həqarət edən, dinc əhalini qətlə yetirən, şəhərləri viran qoyan, ruhlar məkanına çevirən torpaqlara od vuran irqçi-faşist xislətli erməni ekstremizmi mövcuddur. Dünya öz xalqını sülhə çağırmaq əvəzinə siyasi ambisiyaların ardınca gedən, bəşəri dəyərləri, ilahi çağırışları təlqin etmək əvəzinə bir əlində xaç, bir əlində silah xalqını işğala səsləyən, özgə torpaqlarında ölümə təhrik edən erməni ruhaniliyinin hərəkətlərinə qiymət verməlidir.

Bütün səmavi dinlər insan həyatını Uca Allahın yaratdığı müqəddəs dəyər kimi qiymətləndirir, ədalətə ümidi təlqin edir. Yəhudilikdə insan həyatının xilası önəm kəsb edir ki, bu, məlum on qadağada öz əksini tapmış, qan axıdılmasına yol verməmək bütün bəşər üçün vacib sayılmışdir. Xristianlıq qaranlıq gecədən sonra işıq gələcəyinə ümidi təlqin edir. Uca Yaradan Qurani-Kərimdə buyurur: "İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir" (Ali-İmran, 104).

Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə Uca Allahdan şəfa diləyirik. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşların, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.

Uca Allah bütün Vətən şəhidlərinə rəhmət eləsin!”.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR