Azərbaycanlı gənc BMT-nin Agentliyinə yüksək vəzifəyə təyinat alıb

Azərbaycanlı gənc BMT-nin Agentliyinə yüksək vəzifəyə təyinat alıb
  • Clock-gray 11:50
  • calendar-gray 16 Fevral 2021

BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri vəzifəsində çalışan Vüqar Allahverdiyev BMT-nin Terrorla Mübarizə Agentliyində Proqram Meneceri vəzifəsinə təyin edilib. 

APA-nın məlumatına görə, o, BMT-nin Azərbaycandakı nümayəndəliyində, eləcə də Nyu-York şəhərindəki baş qərargahında müxtəlif məsul vəzifələrdə çalışıb. Peşə fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayan Vüqar Allahverdiyev 2014-cü ildən bu günədək BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri və BMT-nin Əhali Fondunda müxtəlif vəzifələrdə çalışıb.

Həmvətənimiz BMT-nin Terrorla Mübarizə Agentliyinə təyinat almış ilk Azərbaycan vətəndaşı olaraq qurumdakı vəzifəsi çərçivəsində terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama  rəhbərlik edəcək. 

Proqramın məqsədi hava və su nəqliyyatı vasitəsilə terrorçuların marşrut istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin bu cür səyahətlərin qarşısının alınması üzrə BMT-yə üzv ölkələrdə İKT əsaslı infrastrukturun yaradılması və bu sahə üzrə beynəlxalq əməkdaşlığın təminatıdır. Proqramın növbəti 3 il müddətində BMT-yə üzv olan 50-dən artıq ölkədə tətbiq edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, BMT-nin Terrorla Mübarizə Agentliyi qlobal səviyyədə terrorizm və ekstrimizmə qarşı mübarizə sahəsində ölkələrin potensialının gücləndirilməsi və bu istiqamət üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsini təmin edir.

Günay Elşadqızı

Digər xəbərlər