BMqT Azərbaycan nümayəndəliyi pandemiya səbəbindən çətin vəziyyətə düşmüş miqrantlara vətənlərinə dönməyə dəstək olub

BMqT Azərbaycan nümayəndəliyi pandemiya səbəbindən çətin vəziyyətə düşmüş miqrantlara vətənlərinə dönməyə dəstək olub
  • Clock-gray 13:21
  • calendar-gray 31 Avqust 2020

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ölkəmizdə yaşayan və hazırda öz vətənlərinə geri dönməyə hazırlaşan 69 nəfər Şri-Lanka vətəndaşının koronavirus (COVID-19) üçün PZR testindən keçməsini təşkil edib, test xərclərini qarşılayıb və onlara sənədləşmə ilə bağlı digər lazımi köməkliyi göstərib.

BMqT Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, yerli universitetlərin tələbələri və onların ailə üzvləri olan həmin şəxslər dörd ay karantin rejimi dövründə evdə qalmalı olduqları, bəziləri işə gedə bilmədikləri üçün çoxunun maddi vəziyyəti ağır olub, buna görə PZR testini öz hesablarına ödəyə bilməyiblər.

Çıxılmaz vəziyyətdə qalan miqrantlar kömək üçün BMqT-nin yerli nümayəndəliyinə müraciət ediblər.

Layihə əlaqələndiricisi İlyas Nəbiyevin sözlərinə görə Şri-Lankanın ölkəmizdə vətəndaşlarına kömək edə biləcək səfirliyinin olmaması vəziyyəti daha da ağırlaşdırıb: "Bir çoxu artıq təyyarə bileti aldığından və koronavirus (COVID-19) üçün PZR testinin nəticələrini göstərən tibbi arayışlar olmadan təyyarəyə buraxılmayacaqları üçün qısa müddət ərzində testləri keçirmək və bəzi miqrasiya sənədləşmələrini həll etmək lazım idi". 

İ. Nəbiyev Şri-Lankanın İrandakı səfirliyinin müraciətindən sonra BMqT-nin Azərbaycan nümayəndəliyinin yerli klinikalardan biri ilə PZR testləri aparmaq və nəticələrini bir neçə saat ərzində almaq barədə razılığa gəldiyini, PZR testlərinin aparıldığın deyib.

BMqT-nin əməkdaşları mənfi COVID-19 test nəticələrini təsdiqləyən tibbi arayışları, şəxsi qoruyucu vasitələr olan üz maskaları və əlcəkləri  hava limanında miqrantlara təhvil verərək onları vətənlərinə yola salıblar.

Məlumatda bildirilir ki, Şri-Lanka vətəndaşlarına dəstək ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun maliyyələşdirdiyi Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım üzrə regional layihə çərçivəsində baş tutub.

Günay Elşadqızı

Digər xəbərlər