Deputat: “Bəzi müəssisələrdə işçilər qul kimi işlədilir”

Deputat: “Bəzi müəssisələrdə işçilər qul kimi işlədilir”
# 23 fevral 2021 13:05 (UTC +04:00)

“İşçinin əməyinin mühafizəsi və təhlükəsizliyinin təmin olunması vacib məsələdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, işçilər əmək müqaviləsində nəzərdə tutulandan daha çox işlədilir: “Xarici şirkətlərdə bununla bağlı ikiqat ödəniş sistemi tətbiq edilir. Bizim müəssisələrdə işçilər qul kimi işlədilir. Digər tərəfdən, fəhləyə yemək də verilmir. İşçilərin əməyinin mühafizəsinə və təminatına diqqət ayırmaq çox ciddi məsələdir”.

Deputat onu da qeyd edib ki, təhqiqat və istintaq tədbirlərində ciddi qanun pozuntuları olur: “Bu mərhələdə insanlar çox incidilir, çox vaxt haqlı haqsız çıxarılır”.

Spiker Sahibə Qafarova bildirib ki, işçilərin iş rejimi ilə bağlı məsələ hər yerdə vəziyyət eyni deyil: “Bəzi yerlərdə siz deyən kimidir”.

Deputat Səttar Möhbalıyev isə deyib ki, işçini əmək müqaviləsi olmadan işə götürdüyünə xeyli işəgötürən cərimələniblər: “Qeyri-formal məşğulluq Pensiya Fonduna və dövlət büdcəsinə ziyan vurur. Bizim vergi orqanları, aidiyyəti qurumlar insanların istismar edilməsinin qarşısını almalıdır. İnsanlar qanunvericilikdə nəzərdə tutulan qədər işləməlidir. Pandemiya dövründə gizli işləyən insanlar üzə çıxdı. Bəziləri məcbur olub işçilərlə müqavilə bağladılar. Onlar pandemiya dövründə dövlət tərəfindən verilən vəsaitdən istifadə edə bilmək üçün bunu etdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR