FHN-in Vətən Müharibəsində iştirak etmiş mülki işçilərindən bəziləri medallarla təltif edilib

FHN-in Vətən Müharibəsində iştirak etmiş mülki işçilərindən bəziləri medallarla təltif edilib
# 30 dekabr 2020 11:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşları torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar əməliyyatlar çərçivəsində fövqəladə halların, o cümlədən düşmənin mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin çevik aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi, təxliyəsi, döyüş bölgəsində yaşayan insanların gündəlik təminatı, habelə digər istiqamətlərdə xidməti vəzifələrini ləyaqətlə yerinə yetirməsi ilə yanaşı, həm də mülki vəzifələrdə olan işçilərindən də Azərbaycan Ordusunun tərkibində döyüşlərdə bilavasitə iştirak edən, şərəfli döyüş yolu keçənlər olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə həmin əməkdaşlar sırasından Vətən Müharibəsində göstərdikləri şücaətə görə Cəfərov Sadiq Əliağa oğlu “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Sadıqov Nail Novruz oğlu “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Ağayev Fəxri Ağarza oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə və Vəliyev Yasin Fəyaz oğlu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Onu da qeyd edək ki, mənfur Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizi intensiv mərmi və raket atəşlərinə məruz qoyması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub.

Qeyd edək ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 27-də törətdiyi genişmiqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək, qısa müddətdə düşməni sarsıdıcı məğlubiyyətə uğradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR