Fuad Hüseynov: “Dövlət komitəsi köçkünlər arasında aparılacaq sorğunun sualları üzərində işləyir”

Fuad Hüseynov: “Dövlət komitəsi köçkünlər arasında aparılacaq sorğunun sualları üzərində işləyir”
# 08 yanvar 2021 12:28 (UTC +04:00)

“Bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr, yaşayış kompleksləri Dağlıq Qarabağda salınacaq”.

APA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, məcburi köçkünlərin qayıdışı yüksək səviyyədə təmin olunacaq: “Vətən müharibəsində qazanılan qələbəyə ən çox sevinən məcburi köçkün və qaçqınlarımız oldu. Vətən müharibəsindən sonra məcburi köçkün və qaçqınlar tərəfindən işğaldan azad olunmuş torpaqlara könüllü qayıdışla bağlı yüzlərlə, minlərlə müraciət olub. Bu müraciətləri biz müxtəlif beynəlxalq təşkilatların kürsülərində səsləndirmişik. Vətən müharibəsindən sonra belə müraciətlərin sayı həddindən çox artıb. Bu müraciətlərdə qaçqınlar, məcburi köçkünlərdən işğaldan zad edilmiş torpaqlarda bərpa işlərində də iştirak etmək üçün minlərlə müraciət alırıq”.

Sədr müavini Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə qayıdıb-qayıtmamaqla bağlı məcburi köçkünlər arasında sorğu keçirilməsi ilə bağlı tapşırığına da toxunub: “Son 25-30 il ərzində məcburi köçkünlər və qaçqınlar arasında həm beynəlxalq təşkilatlar, həm QHT, həm də müxtəlif xarici beynəlxalq təsisatlar, özəl şirkətlər, bu yaxınlarda isə Sosial Təhqiqatlar Mərkəzi tərəfindən belə sorğular aparılıb. Bu sorğuların yekdil nəticəsinə uyğun olaraq məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətindədir. Ölkə Prezidentinin qərarının məqsədi məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçirilməsidir. Bununla bağlı artıq tapşırıqlar verilib. Dövlət komitəsi olaraq sorğunun anketinə daxil olacaq suallar üzərində işləyirik. Bu sorğu böyük sosioloji tədqiqatın predmetidir. Əsas məqsəd bir tərəfdən məcburi köçkün soydaşlarımızın niyyətini öyrənməkdirsə, digər məqsəd işğaldan azad olunmuş hər bir məntəqə üzrə məcburi köçkünlər üçün sosial iqtisadi profil yaratmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR