Naxçıvanda məzunların qızıl və ya gümüş nişanla təltif olunma qaydası məlum olub

Naxçıvanda məzunların qızıl və ya gümüş nişanla təltif olunma qaydası məlum olub
  • Clock-gray 15:28
  • calendar-gray 31 Avqust 2020

Naxçıvan Muxtar Respblikasında ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi qaydası təsdiqlənib.

APA-nın məlumatına görə, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi tam orta təhsil haqqında fərqlənmə attestatının verilməsi və onların qızıl və ya gümüş nişanla təltif olunması üçün, ümumi orta təhsil səviyyəsində isə nümunəvi davranışı ilə fərqlənənlərin namizədliyi ümumi təhsil haqqında fərqlənmə attestatının verilməsi üçün təqdim edilir. Muxtar respublika, respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.

Təhsilalanların qızıl və ya gümüş nişanla təltifinə, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarına namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.

Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; bütün fənlərdən illik qiymətləri “əla” olanlar; buraxılış imtahanında muxtar respublika üzrə ən yüksək nəticə göstərənlər; ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunları; Muxtar respublika, respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülənlərin qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər. 

Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

Ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatları bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin “əla” olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan məzunlara verilir. 

Təhsilalanların qızıl və ya gümüş nişanla təltifinə, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatına namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı müəyyən olunmuş formada hər il mayın 10-dan gec olmayaraq, şəhər və rayon təhsil şöbələri, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə birbaşa tabe məktəblər tərəfindən Nazirliyə təqdim edilir.

Məzunların qızıl və ya gümüş nişanla təltifi, ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Nazirliyin əmri ilə rəsmiləşdirilir. Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır.

Qızıl və ya gümüş nişan, eləcə də ümumi və tam orta təhsil haqqında fərqlənmə attestatları təntənəli şəraitdə təqdim edilir.

Bu qayda psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanlarından azad edilmiş və evdə fərdi təhsilə cəlb olunmuş məzunlara şamil edilmir.

Günay Elşadqızı

Digər xəbərlər