Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO

Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO
# 29 may 2020 11:23 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin bir sıra ərazilərində olublar.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər rəhbəri burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, mövsümi xidmətin təşkil edildiyi məkanlara baş çəkib.

Niyazi Bayramov həmçinin Gəncədə inşası yekunlaşmaq üzrə olan modul tipli xəstəxanada olub və görülən işlərlə maraqlanıb.

Bildirilib ki, xəstəxananın ətrafında abadlıq-quruculuq tədbirləri həyata keçirilir. Şəhər rəhbəri bu istiqamətdə öz tapşırıq və tövsiyələrini verib.

Daha sonra Niyazi Bayramov və rəsmilər şəhərdə mövsümi xidmətin təşkil edildiyi ərazilərdə fəaliyyət göstərən obyektlərə də baş çəkiblər. İcra başçısı görüşdə bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməlidir, habelə tibbi maska və əlcəkdən istifadə olunmalıdır. Həmçinin, açıq hava şəraitində çalışmaqlarına baxmayaraq şəxsi gigiyenaları ilə yanaşı xidməti sahələr təmiz saxlanmalı və dezinfeksiyaedici məhlullardan istifadə etməlidirlər. Niyazi Bayramov sahibkarların diqqətinə çatdırıb ki, qaydalara riayət etmək ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, habelə xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması isə qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda şəhər rəhbəri sakinlər arasında da profilaktik söhbətlər aparıb, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıb.

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR