Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi qaydası açıqlanıb

Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi qaydası açıqlanıb
# 27 fevral 2020 17:50 (UTC +04:00)

Övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi qaydası açıqlanıb.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlayır.

Rəyin hazırlanmasında övladlığagötürmə mərhələləri ilə bağlı sosial işçilərin hazırladıqları hesabatlar (rəylər), valideyn-namizədin təlim nəticələri, eləcə də övladlığa götürülən uşaqların istək və mənafeləri nəzərə alınır. Rəy övladlığagötürmə ilə bağlı məhkəməyə müraciət edən şəxsin ərizəsinə əlavə olunur.

Eyni zamanda Fərmanda övladlığagötürmənin ləğvinin tələb edilməsi ilə bağlı da bənd yer alıb. Qeyd edilib ki, rəy mənfi olduqda və ya məhkəmə valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa verilməsindən imtina barədə qərar qəbul etdikdə, uşaq yerləşdirildiyi müəssisəyə qaytarılır və həmin müəssisə iki aydan az olmamaq şərtilə uşağın reabilitasiyası məqsədilə aşağıdakı tədbirləri görür:

Uşağın fiziki və əqli inkişaf səviyyəsinin, psixoloji və sosial vəziyyətinin qiymətləndirilməsi, eləcə də onun emosional sabitliyi, davranışı, özünüdərki və özünüqiymətləndirməsi ilə bağlı, habelə sosial münasibətlərdə yaranan çətinliklərə qarşı tədbirləri özündə əks etdirən reabilitasiya planının tərtib edilməsi; reabilitasiya planının icrası; reabilitasiya müddətində reabilitasiya planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin monitorinqi; reabilitasiya müddətinin sonunda yekun qiymətləndirmə hesabatının tərtib edilməsi.

Reabilitasiya prosesi dövründə və prosesin sonunda sosial işçi müəssisədə uşaqla görüş keçirir və onun yenidən övladlığagötürülməyə hazırlığını qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR