Soltan Məmmədov: "İcbari tibbi sığortanın mərhələli tətbiqi ölkədə səhiyyə xidmətləri sahəsində çox mühüm dönüş yaradacaq"

Soltan Məmmədov: "İcbari tibbi sığortanın mərhələli tətbiqi ölkədə səhiyyə xidmətləri sahəsində çox mühüm dönüş yaradacaq"
# 28 dekabr 2020 11:39 (UTC +04:00)

“Büdcə layihəsində səhiyyə sahəsinə də xüsusi yer verilib. Səhiyyə və tibbi xidmətlər üçün nəzərdə tutulmuş vəsait bu sahədə əhaliyə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, gələn ildən respublika ərazisində İcbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır: “Azərbaycan dövlətinin bu təşəbbüsü ölkəmizdə səhiyyə xidmətləri sahəsində çox mühüm dönüş yaradacaq. Mərhələli olaraq qurulacaq bu sistemin bütün ölkə ərazisində tətbiqi şübhəsiz ki, heç də asan proses olmayacaq. Bunun üçün tibb müəssisələrinin bugünkü səviyyəsinin qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələrinə uyğun olaraq maddi-texniki bazasının gücləndirilməsi, tibb personalının peşəkarlıq səviyyəsinin artırılması çox böyük əhəmiyyətə malikdir. Lakin təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda bilavasitə dövlətin təşəbbüsü ilə reallaşdırılan bu böyük layihənin praktik icraçıları haqqında yumşaq desək, haqsız tənqidlərə rast gəlinir”.

Deputat qeyd edib ki, bu gün ölkənin bir çox rayonlarında yüksək standartlara cavab verən xəstəxanalar qurulub: “Gənc həkimlərimizə təcrübələrini, biliklərini artırmaq üçün Avropanın inkişaf etmiş ölkələrində təhsillərini davam etdirmək imkanı yaradılıb. Bu gün tibbi təhsilin inkişafı, müasir dünya standartlarına uyğunlaşdırılması, yaradılan tibb müəssisələrinin yeni reallıqları nəzərə almaqla, peşəkar mütəxəssislərlə təmin olunması qarşımızda duran əsas vəzifələrdəndir. Çünki müasir tipli xəstəxanalarda keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yüksək səviyyəli peşəkarlara ehtiyac yaranır”.

Deputat nəzərə çatdırıb ki, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanaların olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaradıb: “Bu xəstəxanalarda çox çətin cərrahiyyə əməliyyatları zəruri avadanlıqların olması, yüksək səviyyəli mütəxəssislərimizin sayəsində uğurla həyata keçirilirdi. Bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Həkimlərimizin fədakarlığı, vətəndaşlarımızın hökumətimizin həyata keçirdiyi siyasətə dəstək olması nəticəsində vəziyyət düzgün idarə olunur. Dövlətin səhiyyə siyasətini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyi, icbari tibbi sığortanın tətbiqini təmin edən Dövlət Agentliyi və tibbi xidmətlərin təşkilinə məsul TƏBİB-in birgə səyləri səhiyyə sahəsində qarşıda duran bütün vəzifələri uğurla icra etməyə imkan yaradacaq. Həmkarlarımı bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR