Təyyarədə sərnişinlərdən qadağan edilmiş maddələrin götürülməsi qaydası müəyyənləşib

Təyyarədə sərnişinlərdən qadağan edilmiş maddələrin götürülməsi qaydası müəyyənləşib
  • Clock-gray 17:29
  • calendar-gray 17 Fevral 2021

“Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası” təsdiq edilib. 

APA-nın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası qərar verib. Bu Qayda hava gəmilərində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi yollarını müəyyən edir.

Qaydaya əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişinin üzərinə, əl yükünə və baqajına həyata keçirilən baxış zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sənədlərində nəzərdə tutulan və pərakəndə satışda olan, lakin hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlər (kəsici-deşici alətlər, qaz balonları, lak-boya məmulatları, mayelər və s.) aşkar edildikdə, aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı ilk olaraq həmin maddə və (və ya) predmetləri sərnişini yola salan şəxsə (şəxslərə) təhvil verilməsini təklif edir. Bu mümkün olmadıqda, həmin maddə və (və ya) predmetlərin götürülməsinə dair 2 nüsxədə akt tərtib edilir. Akt onu tərtib etmiş şəxs və sərnişin tərəfindən imzalanır. Aktın bir nüsxəsi aviasiya təhlükəsizliyi xidmətində qalır, digər nüsxəsi isə sərnişinə verilir və bu barədə qeydiyyat aparılır. Sərnişin həmin maddə və (və ya) predmetlərin götürülməsi barədə məlumatlandırılır və bu barədə aktda müvafiq qeyd aparılır.

Baxış zamanı sərnişində hazırlanması, gəzdirilməsi və saxlanılması üçün cinayət məsuliyyəti nəzərdə tutulmuş təhlükəli maddə və (və ya) predmetlər aşkarlandıqda bu barədə akt tərtib edilir və onların zərərsizləşdirilməsi üçün mütəxəssis dəvət olunur, həmin sərnişin reysdən kənarlaşdırılır və materiallarla birlikdə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təhvil verilir.

Hava gəmilərində daşınması qadağan edilməsi səbəbindən sərnişindən götürülən maddə və (və ya) predmetlər (kəsici-deşici alətlər, qaz balonları, lak-boya məmulatları, mayelər və s.) 30 gün müddətində hava limanında xüsusi ayrılmış saxlanc yerində saxlanılır.

Sərnişin 30 gün müddətində maddə və (və ya) predmetlərin götürülməsinə dair aktın bir nüsxəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya etibarnamə əsasında sərnişinin nümayəndəsi (etibarnamə və etibarnamə verilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə) müraciət etdikdə, götürülmüş maddə və (və ya) predmetlərin saxlanılmasına cavabdeh olan məsul şəxs tərtib olunmuş götürülmə aktına imza etdirilməklə maddə və (və ya) predmetləri sahibinə və ya onun nümayəndəsinə təhvil verir. Bu Qaydada göstərilən müddət ərzində sərnişinlər tərəfindən geri götürülməyən maddə və (və ya) predmetlərin məhv edilməsi üçün hava limanının aviasiya təhlükəsizliyi xidmətində Məhvetmə Komissiyası yaradılır. Komissiya sərnişinlər tərəfindən geri götürülməyən maddə və (və ya) predmetlərin siyahısını və onların saxlanılma müddətinin bitməsini yoxlayır.

Komissiya 30 gün ərzində geri götürülməyən maddə və (və ya) predmetlərin sahibi tərəfindən geri götürülməyən kimi rəsmiləşdirir və 2 gün ərzində onların məhv edilməsi barədə qərar verir.

Sərnişinlər tərəfindən geri götürülməyən maddə və (və ya) predmetlərin məhv edilməsi barədə qərar qəbul edildiyi gündən 2 gün ərzində həmin maddə və (və ya) predmetlər Komissiya üzvlərinin iştirakı ilə hava limanı ərazisində ayrılmış xüsusi sahədə məhv edilir. Həmin maddə və (və ya) predmetlərin məhv edilməsi ilə əlaqədar məhvetmə aktı tərtib olunur və Komissiya üzvləri tərəfindən imzalanır.

Günay Elşadqızı

Digər xəbərlər