AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılacaq

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılacaq
  • Clock-gray 16:14
  • calendar-gray 16 Oktyabr 2019

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin sərəncamına əsasən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi və 70 illik yubileyi münasibətilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylini təbrik edərək Akademiyanın Fəxri Fərmanını təqdim edib. Sonra  AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, “Gənc  kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə sertifikatlar təqdim olunub.

Daha sonra AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. Akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. 

Sonra Azərbaycan alimlərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. İ.Həbibbəyli  ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, bu sahədə müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə UNESCO ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb:

"Hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar, eyni zamanda dövlət səviyyəsində layihə ilə bağlı fəaliyyətin prioritetliyi bu istiqamətdə araşdırmaların məqsədyönlü koordinasiyası və yeni kompleks tədqiqatların reallaşdırılması zərurətini meydana çıxarıb. Qeyd olunanlar nəzərə alınaraq Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date