Məişət tullantılarının daşınması ilə bağlı layihə gələn il daha üç rayonda həyata keçiriləcək

Məişət tullantılarının daşınması ilə bağlı layihə gələn il daha üç rayonda həyata keçiriləcək
# 20 noyabr 2019 11:27 (UTC +04:00)

"Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonda - Nizami, Yasamal və Nəsimidə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur".

APA xəbər verir ki, bunu layihəyə həsr edilən mətbuat konfransında Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon deyib. O bildirib ki, sonrakı illərdə isə layihə digər rayonlarda da həyata keçiriləcək.

Onun sözlərinə görə, artıq 4 aya yaxındır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir:

"Keçən müddət ərzində görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində böyük irəliləyişlər əldə olunub. Vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma və s. öz bəhrəsini verməkdədir. Layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilib, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir. Şirkətin mütəxəssisləri mütəmadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər konponentlərin öyrənilməsi və nəticələrini daha da artırılmasının yollarını araşdırıb, müvafiq təlimatlar veriblər".

M.Saymon qeyd edib ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün bildirilib ki, Birləşmiş Krallığın paytaxtı Londonda 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb:

"Nərimanov rayonunda isə 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 33 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub. Bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb".

Layihə rəhbəri bir sıra çatışmazlıqların olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə proseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri hallarıdır:

"Onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək", - deyə M.Saymon əlavə edib.

O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti 1 il ərzində 1.5 milyon ton tullantı toplayır:

"Narıncı qutular təkrar emal oluna bilən tullantılar üçün, yaşıl qutular isə qida, çirklənmə yarada biləcək tullantılar üçün nəzərdə tutulub. Artıq narıncı qutularda minimal çirklənmə dərəcəsi var. 2021-ci ilin sonunda Bakının 7 rayonunda bu layihə yayılmış olacaq".

Bakı Kommunal Xidmətlər müəssisəsinin direktoru İlqar Hüseynov bildirib ki, 4 aydır birgə layihə çərçivəsində tullantıların çeşidlənməsi ən müasir səviyyədə təşkil edilməsi Nərimanovda həyata keçirilir. Onun sözlərinə görə, böyük irəliləyişlər əldə olunub.

Layihənin əhəmiyyətindən danışan İ.Hüseynov bunun daha da genişləndiriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR