Notariat ofisləri üçün yeni tələblər müəyyənləşib

 Notariat ofisləri üçün yeni tələblər müəyyənləşib
# 17 iyul 2019 12:37 (UTC +04:00)

Ədliyyə Nazirliyi Kollegiyası “Notariat fəaliyyətinin yoxlanılması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumına görə, dəyişikliyə əsasən, bundan sonra şikayətlər üzrə aparılan yoxlamalar zamanı notariat ofisində quraşdırılmış müşahidə kameralarında saxlanılan məlumatlardan (görüntü və səs yazıları) istifadə ediləcək.

İndiyə qədər yoxlama zamanı notariat kontorunda əhaliyə göstərilən hüquqi xidmət işinin təşkili, əmək və icra intizamına riayət edilməsi, habelə notariat kontorunun əyani vəsaitlərlə təchiz edilməsi araşdırılıb. Bundan sonra isə notariat ofisində əhaliyə göstərilən hüquqi xidmət işinin təşkili, notarius və işçiləri tərəfindən əmək və icra intizamına riayət edilməsi, habelə notariat hərəkətlərinə dair əyani vəsaitlərin olması (əməliyyatların növü, telefon vasitəsilə məlumat almaq və elektron poçt vasitəsi ilə müraciət etmək imkanı), elektron xidmət köşklərindən istifadə və bu köşklərin vətəndaşların rahat istifadə edə biləcəyi sahədə yerləşdirilməsi araşdırılacaq.

İndiyə qədər yoxlama zamanı notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun alınması, habelə dövlət rüsumunun ödənilməsinə dair qəbzlərin olması və dövlət rüsumundan azadolmaların əsaslılığı araşdırılıbsa, bundan sonra həm də xüsusi notariusların notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqqın və “Notariat haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə görə haqqın alınmasına, eləcə də notariuslar tərəfindən əqdlərin, etibarnamələrin və sənədlərdəki imzaların həqiqiliyinin real vaxt rejimində videoyazı vasitəsilə rəsmiləşdirilməsinə görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqqın tutulmasına dair ödəniş sənədlərinin olması araşdırılacaq. Eyni zamanda xüsusi notarius tərəfindən aylıq gəlirinin “Notariat haqqında” qanun ilə müəyyən edilmiş 1 faizinin zəmanət kassasına, üzvlük haqqının Notariat Palatasına ödənilməsi, xüsusi notariusun bağladığı sığorta müqaviləsinin qüvvədə olması, xüsusi notariuslar tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi orqanına bəyannamənin verilməsi də yoxlama zamanı diqqət mərkəzində olacaq.

Qaydaya əlavə edilən yeni müddəaya əsasən, notariat ofisində optik xətlərin olması, dövlət rüsumunun və ya haqqın, habelə xidmətə görə haqqın dərəcələri barədə məlumatların lövhə şəklində asılması bir tələb kimi müəyyənləşib. Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması, eləcə də notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın ödənilməsi ilə bağlı sənəd və notariat hərəkətləri üzrə sənədlərin mətninin “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında Təlmat”da müəyyən edilmiş qaydada hazırlanması da yeni tələblər sırasında yer alıb və yoxlamalar zamanı bu tələblərə riayət edilməsi yoxlanacaq.

Ancaq bundan sonra yanğından mühafizə üzrə görülən tədbirlər Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu tərəfindən yoxlanılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR