Şəhriyar Məmmədyarov: “Yerimi onlara verməyə hazıram”

Şəhriyar Məmmədyarov: “Yerimi onlara verməyə hazıram”
# 28 fevral 2020 03:17 (UTC +04:00)

“Aeroflot Open” turniri bitdi. Öncə Raufu təbrik edirəm. Çoxdan gözlədiyim bir oyunu göstərdi”.

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabından paylaşım edib.

35 yaşlı şahmatçı Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open”də həmyerlilərimizin çıxışını şərh edib. O bildirib ki, yarışı 3-cü pillədə başa vuran Rauf Məmmədov ən pis oyununu son turda yarışın çempionu Aydın Süleymanlıya qarşı göstərib: “Turnirboyu inanılmaz böyük səviyyədə oyun göstərdi və heç bir matçda pis vəziyyət almadı. Sözsüz, oynadığı ən pis görüş son tur idi. Bunun da sadə səbəbi var ki, ürəkdən mübarizə apara bilmədi”.

Məmmədyarov 9 matçda 6,5 xal yığmaqla, “Aeroflot Open”də Azərbaycana ilk dəfə qızıl medal qazandıran 15 yaşlı Aydın Süleymanlının qələbəsini isə böyük uğur adlandırıb: “İnanılmaz bir uğurdur. Oyununda inanılmaz soyuqqanlılıq var. Böyük şahmatçı olacağına şübhəm yoxdur. Nə qədər böyük usta olacaq, onu gələcək göstərəcək. Amma ən azından Azərbaycan şahmatının ümid yeri olması üçün böyük addım atdı. O, belə davam edərsə, çox tezliklə 2700 və 2800 reytinq əmsalı görəcəyik”.

Qrossmeyster Azərbaycan Şahmat Federasiyasına da səslənib: “Gərək vaxt itirmədən bu gənci milliyə götürsünlər. Çünki yığmamız artıq öz yerində sayır. Həm də gənclərimizə dəstək olsunlar. Bu gənclər mənim, Teymurun, Vüqarın yerini tutmasınlar, gərək bizdən üstün olsunlar. Bu sözlər tək Aydına aid deyil, bütün irəlidə gedən gənclərə aiddir. Şəxsən yerimi onlara verməyə hazıram. Dünyada 2 nömrəli şahmatçı olmağı bacardım, amma bu azdır. 1 nömrə olacaq şahmatçımızı gözləyirəm. Var qüvvəmlə gənclərimizin yanındayam. Sizə inanır və güvənirəm. Rauf və Aydını təbrik edirəm. Vüqar Əsədlini də təbrik edirəm. Ardıcıl 2 turnirdə fantastik oyun göstərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR