Bakıda «Almaniyanın romantik şəhərləri» sərgisi açılıb

Bakıda «Almaniyanın romantik şəhərləri» sərgisi açılıb
# 10 noyabr 2009 11:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Azərbaycan Turizm İnstitutunda Almaniya səfirliyinin təşəbbüsü ilə tematik mövzuda sərgi açılıb.

«APA-Economics»in məlumatına görə, «Almaniyanın romantik şəhərləri» adlı sərginin açılışında Almaniya səfirliyinin nümayəndələri, o cümlədən, mədəni işlər üzrə attaşe Herbert Şmitter iştirak edib.

Turizm İnstitutunun rektoru Cəfər Cəfərov çıxışında bildirib ki, bu tədbir iki ölkə arasında mədəni və elmi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Tematik mövzuya həsr olunmuş sərgi ötən il də təşkil keçirilib və analoji tədbirlərin hər il keçirilməsi nəzərdə tutulub. Bu həmçinin Turizm İnstitutunun Almaniyadakı həmkarları ilə əlaqələrin müxtəlif istiqamətdə inkişafına zəmin yaradacaq.

Sərginin iştirakçıları əsasən Almaniyanın mənəvi sərvəti sayılan bəzi şəhərlərin geniş planda ümumi mənzərəsi, tarixi abidələri, turizm imkanları, eləcə də ekzotik gözəlliklərini əks etdirən fotomateriallarla tanış olublar. Bu həftənin sonuna kimi fəaliyyət göstərəcək sərgidə həmçinin Almaniyanın qədim şəhərləri haqqında sənədli materialları özündə əks etdirən 31 elmi-kütləvi kitabla da tanış olmaq mümkündür.

Tədbirin sonunda H.Şmitter jurnalistlərə verdiyi açıqlamada Azərbaycanın bir sıra regionunda olduğunu bildirib və Bakının ən romantik şəhər olduğunu, əsasən də İçərişəhər Tarixi Qoruğunun bu anlayışı tam əks etdirdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR