Bu il Masallı rayonuna turist axını 30-40% artıb

Bu il Masallı rayonuna turist axını 30-40% artıb
# 29 aprel 2010 13:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu ilin I rübündə Azərbaycanın Masallı rayonuna qiymət endirimi nəticəsində turist axınının artımı müşahidə olunub.

Bunu «APA-Economics»ə Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Vəkil İsmayılov bildirib.

V.İsmayılovun sözlərinə görə, ötən illə müqayisədə turist axınının artımı 30-40% təşkil edib: “Bu ilin I rübündə ötən illə müqayisədə xarici turistlərin Masallıya səyahətləri 60% artıb. Onların əksəriyyəti İran və Rusiyadan, eləcə də İngiltərə, Fransa və ABŞ-dan gəlirlər”.

V.İsmayılov turistlərin yerləşdirmə qiymətlərinin 45%-dək endirilərək 30 manat təşkil etdiyini bildirib: “Hazırda turistlərin 1 günlük istirahəti xidmət keyfiyyətindən və səviyyəsindən asılı olaraq 30 manatdan 200-300 manatadək dəyişir. Bu gün Masallıda 30-a yaxın istirahət zonası fəaliyyət göstərir. Bu il bizim əsas fəaliyyət istiqamətimiz yeni müasir standartlara uyğun istirahət obyektlərinin tikilməsidir ki, turistlərin yerləşdirilmə yerlərini artıraraq qiymətlərdə endirimlər tətbiq edə bilək”.

Rayonda 17 ildir fəaliyyət göstərən “Dashvend” hotelinin baş direktoru Hakimə Əzimovanın sözlərinə görə, bu il ötən ilə nisbətən turist axını artıb ki, bu da turistlərin digər regionlardan və ya ölkələrdən artıq yorulması və yeni təəssüratlar həvəsi ilə cənub bölgəsinə həvəs göstərməsi ilə bağlıdır: “Qiymətlər mövsümdən asılı olaraq dəyişir. Dünyada müşahidə olunan böhranı nəzərə alaraq biz 30% endirim tətbiq etdik və ötən il 100 manata təqdim etdiyimiz otaqların qiymətini bu il qış mövsümündə hətta 50-60 manatadək endirdik. Lakin yay mövsümündə qiymət endirimi mümkün deyil, çünki 30 otağın və 5 kottecin hamısı məşğul olur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR