Azərbaycanda xidmət səviyyəsi aşağı olan hotellərin ulduzlarının sayı azaldılacaq

Azərbaycanda xidmət səviyyəsi aşağı olan hotellərin ulduzlarının sayı azaldılacaq
# 23 iyun 2010 13:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Debat Proqramı çərçivəsində “Azərbaycanda turizm mövsümünü açıq elan etmək olarmı?” mövzusunda debat keçirilib.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, iyunun 1-dən Azərbaycan turizm mövsümü elan edilib.

Sosial İqtisadi İslahatlar Mərkəzinin sədr müavini Natiq Hüseynov bildirib ki, Quba, Nabran, Qəbələ, Lənkəran, Zaqatalada 12 mehmanxanada turizm mövsümünə hazırlıq vəziyyətini öyrənmək üçün monitorinq aparılıb. Məlum olub ki, mehmanxanalar hələ mövsümə hazır deyil. Həmin obyektlərdə baqaj daşıma, avtomobillərin icarəyə verilməsi, internet və s. xidmətləri yoxdur: “Mövsüm elan edilərkən təkcə Azərbaycan vətəndaşları deyil, həm də xarici vətəndaşlar nəzərə alınmalıdır”.

N.Hüseynovun iradlarına cavab verən M.Qəhrəmanov bildirib ki, nazirlik mehmanxanalara lisenziya verməmişdən əvvəl onların qonaq qəbul etmə vəziyyətini öyrənir: “Amma bəzi mehmanxanalar 3 il müddətinə verilən keyfiyyət nişanını aldıqdan sonra xidmətlərinin səviyyəsini aşağı salırlar. Nazirlik bununla bağlı araşdırma apardıqdan sonra belə hotellərin ulduzlarının sayını azaltmaq nəzərdə tutur”.

M.Qəhrəmanov bildirib ki, Azərbaycanda aşağı səviyyəli mehmanxanalarda 1 günlük qalmaq xərci 8-15, orta səviyyəli mehmanxanalarda 20-35, yaxşı və yüksək səviyyəli mehmanxanalarda 40-130 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR