Azərbaycan Turizm Assosiasiyasının xüsusi iclası keçirilib

Azərbaycan Turizm Assosiasiyasının xüsusi iclası keçirilib
# 09 fevral 2018 08:43 (UTC +04:00)

Azərbaycan Turizm Assosiasiyasının (ATU) xüsusi iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda çıxış edən ATU sədri Nahid Bağırov bildirib ki, son illərdə Azərbaycanda gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır.

Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün lazım olan infrastruktur yaradılıb: "Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb. Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb".

Yaxın gələcəkdə ölkədə yeni turizm növlərinin tətbiq ediləcəyini vurğulayan sədr qeyd edib ki, Bakı-Tbilisi-Qars, Qəzvin-Astara dəmir yollarının açılışı kütləvi turizmin inkişafına təkan verəcək: "Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Azərbaycan Turizm Assosiasiyası respublikada ekskursiya bələdçilərinə tələbatı nəzərə alıb, öz nəzdində Bakı ekskursiya bürosu yaradıb. Eyni zamanda yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır. Respublikada turizm üzrə Strateji yol xəritəsi təsdiq olunub. Yol xəritəsinə görə Azərbaycan 2020-ci ilə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir. Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanın önəmini xüsusi qeyd etmək lazımdır”.

O qeyd edib ki, Azərbaycan turizm sahəsinin hələ də böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması dövlət rəhbərliyinin dəstəyi olmadan mümkün deyil. Buna görə də hər birinizi prezident seçkilərində fəal iştirak etməyə çağırırıq".

İclas çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR