"Yanar Dağ" və "Atəşgah" komplekslərində ölkə vətəndaşları ilə əcnəbilərə təklif olunan xidmətlərin qiyməti fərqlənəcək

"Yanar Dağ" və "Atəşgah" komplekslərində ölkə vətəndaşları ilə əcnəbilərə təklif olunan xidmətlərin qiyməti fərqlənəcək
# 04 iyun 2019 11:24 (UTC +04:00)

Yanar Dağ və Atəşgah istirahət komplekslərində fəaliyyət göstərən muzey və ailəvi istirahət zonalarında ölkə vətəndaşlarına və əcnəbi turistlərə təklif olunan xidmətlər qiymət baxımından fərqlənəcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, məsələn, hazırda düşünülür ki, 18 yaşınadək olanlara bəzi xidmətlər pulsuz təklif olunsun.

"Qiymət baxımından, məsələn, 2 manata təklif olunan xidmətlər əcnəbilər üçün qiymət baxımından bir qədər fərqlənəcək. Bildiyiniz kimi, dünyanın heç bir ölkəsində biletin qiyməti 2 manat təşkil etmir. Yaxın Gürcüstanda bu qiymət 5 dollar təşkil edir", - deyə F. Nağıyev qeyd edib.

O həmçinin əlavə edib ki, bu təkliflər artıq dövlət rəhbərliyinə təqdim olunub və hazırda bu sənəd Nazirlər Kabinetindədir.

"Biz təklif etmişik ki, bununla bağlı yeni publik hüquqi qurum yaradılsın. Bu qurum Dövlət Turizm Agentliyinin tabeliyində olan Qoruqların İdarəetmə Mərkəzi adlanacaq. Bizim əsas tələbimiz odur ki, bütün o yerlərdə proseslər şəffaf şəkildə aparılsın. Bu qoruqlarda turniketlər qurulacaq və gəlirlərlə bağlı bütün məlumatları əldə edə biləcəyik. Əldə olunan vəsait digər qoruqlarda da bu yanaşmanın tətbiq edilməsinə şərait yaradacaq. Məsələn, Xınalıqda. Hazırda Agentliyinin tabeliyində 7 qoruq var", - deyə F. Nağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR