Aydın Hüseynov: Riyakar İran rejimi regionda sülh olmasını istəmir

Aydın Hüseynov

© APA | Aydın Hüseynov

# 15 noyabr 2022 21:43 (UTC +04:00)

"Vətən müharibəsində ağır məğlubiyyətdən sonra Ermənistanın 10 noyabr bəyannaməsindəki öhdəliklərini yerinə yetirməməsinin əsas səbələrindən biri İrandan aldığı dəstəkdir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, bəyannamənin hələ də kağız üzərində qalan əsas müddəalarından biri Zəngəzur dəhlizi, yəni Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz əlaqəsinin təmin olunması ilə bağlıdır: "Dəhlizin regional iqtisadi əhəmiyyətini dərk edən bütü ölkələr bunu dəstəkləsə də, yalnız Tehran buna qarşı çıxır. İranın Azərbaycana qarşı artan aqressiyasının da əsas səbəbi budur. Sirr deyil ki, İran bəzən gizli, bəzən də açıq şəkildə Qarabağ məsləsində hər zaman Ermənistanı dəstəkləyib. Bütün vasitələrlə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane olub. Vətən müharibəsi ərəfəsində Ermənistana hərbi və yanacaq dəstəyi göstərən İran digər ölkələrdən də silahların daşınmasına şərait yaradıb. Hətta Azərbaycanın hərbi əməliyyatlarının sürətini azaltmaq üçün sərhəddə müxtəlif təxribatlar da törədib".

Deputat qeyd edib ki, Azərbaycanın tarixi qələbəsi yeni reallıqlar yaradıb. İran bir müddət özünü bu reallıqlarla barışmış kimi göstərsə də, Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra aqressiv ritorikasını bərpa etdi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə, İran faktiki olaraq bir çox qeyri-qanuni gəlir yerini itirdi. Çünki işğal dövründə faktiki olaraq həmin ərazilərə SEPAH nəzarət edib. Bu ərazilər Əfqanıstandan Avropaya uzanan qanunsuz narkotik trafikinin bir parçası olub. Bundan əlavə işğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, həm də narkotik maddələrin istehsalı üçün istifadə edilib. İşğal altında olan ərazilərin talan edilməsində də İran xüsusi canfəşanlıq edib. Oradakı təbii sərvətlərini istismar edilməsi, meşələrin qırılaraq ucuz qiymətə İrana satılması, hətta azərbaycanlılara məxsus evlərin sökülərək bu ölkəyə daşınması ilə bağlı çox sayda fakt var. İranın Ermənistanı dəstəkləməsinin əsas səbəblərindən biri də o idi ki, İran işğal altında olan ərazilərə bufer zonası kimi baxırdı. Bizimlə Arazın o tayında olan soydaşlarımız arasında buferi yaradırdı.

Deputat əlavə edib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsinə mane ola bilməyən İran bütün qüvvəsini Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almağa yönəldib. İran bununla həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın quru əlaqəsinin yalnız İran üzərindən olmasını istəyir ki, Azərbaycana təsir aləti olsun. Ermənistan isə İranın bu mövqeyindən istifadə edərək sülh prosesini yubadır. Gərginliyin qalması isə məsələnin yenidən hərbi müstəviyə keçməsi riskini artırır. Yəni ki, İran regionda sülh və əməkdaşlıqda maraqlı deyil. İrandakı rejim ətraf ölkələrdəki xaos və gərginlikdən qidalanır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR