Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
# 26 sentyabr 2022 16:04 (UTC +04:00)

Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirin açılışında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla çıxış edib.

O, Çexiya və Latviya səfirliklərinə bu tədbirin ADU-da keçirilməsi ilə bağlı müraciətləri üçün təşəkkür edib.

Rektor deyib ki, Azərbaycan Şərq və Qərb arasında körpü rolu oynayaraq mədəniyyətləri birləşdirir.

Tədbirdə Latviya səfirinin müavini də çıxış edib. O, dillərə, mədəniyyətlərə hörmətin əhəmiyyətini vurğulayıb. O deyib ki, Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlərin 16 səfirliyi və mədəniyyət institutları 2022-ci il Avropa Dilləri gününü azərbaycanlı tərəfdaşları ilə birgə qeyd edir. Onun sözlərinə görə, 2022-ci il Avropa Dilləri Günü və Bakıda ilk Ədəbiyyat Gecəsi EUNİC Azerbaijan (Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları) tərəfindən təşkil olunub. EUNİC Azerbaijan Cluster 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərinin bir-birinə daha da yaxınlaşdırmaq məqsədi ilə yaradılıb.

Çexiya səfirinin müavini Daniel Putik bildirib ki, mədəniyyət gününə həsr olunmuş tədbirdə Aİ-yə üzv ölkələrə aid mədəniyyət nümunəsi - hekayələr və şeirlər təqdim olunacaq ki, onlar arasında çex hekayəsi də var.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ADU-ya tədbirə ev sahibliyi üçün təşəkkür edib. Aİ səfiri ana dilinin hər bir şəxs üçün vacibliyinə toxunub. O deyib ki, dillər böyük mədəniyyətləri insanların üzünə açır: “Nə qədər çox dil biliriksə, o qədər çox dostumuz var deməkdir. Dillər, ədəbiyyatlar xalqları bir-birinə yaxınlaşdırır. Diplomatlar kimi biz xoşbəxtik ki, belə gözəl ölkədə, gözəl insanların əhatəsində işləyirik. Fərqi yoxdur ki, biz hansı dildə danışırıq əsas odur ki, bizim dilimiz sülh dilidir”.

Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Petr Siç də tədbirdə çıxış edib.

Daha sonra tələbələr Aİ-yə üzv dövlətlərin ədəbiyyatına aid nümunələr səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR