Bakıda Holokost qurbanlarının xatirəsi yad edilib - FOTO

"İnsanlığı qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda konfrans

© APA | "İnsanlığı qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda konfrans

# 27 yanvar 2022 11:34 (UTC +04:00)

ADA Universitetində Holokost qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı beynəlxalq günə həsr olunmuş "İnsanlığı qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda ictimaiyyət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, xarici təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri iştirak edib.

Konfransın açılışında ADA-nın prorektoru Fariz İsmayılzadə çıxış edib. O, Holokost qurbanlarının qlobal səviyyədə keçirilən anım mərasimləri ilə xatırlandığını deyib.

Sonra çıxış edən BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva bildirib ki, XXI əsrdə belə hallar yaşanmamalıdır.

“Biz bu gün 6 milyon yəhudi kişi, qadın və uşağın ağlagəlməz şəkildə öldürülməsini anırıq. XX əsrdə biz bu soyqırımı və faciəni yaşamışıq, XXI əsrdə belə hallar yaşanmamalıdır. Lakin biz çox təəssüf ki, ksenofobiya, antisemitizmin, müsəlmanlara qaşı nifrətin artmasını müşahidə edirik. Bu humanizmə, dəyərlərə, BMT-nin nizamnaməsinə zidd bir haldır”, - V. Andreeva deyib.

O qeyd edib ki, yanvarın 20-də BMT Holokostla bağlı qətnamə qəbul edib: “Ölkələr Holokostun inkarı və təhrifi ilə bağlı halların artmasından narahatlıqları ifadə ediblər. Qurbanların xatirəsinə biganə yanaşma, bizim belə faciələrlə gələcəkdə də üzləşmə ehtimalımızı artıracaq. Bu insanların xatirəsini yaşatmaq bizim əbədi borcumuzdur. Biz Holokostu dərindən öyrənməliyik ki, gənclik bunu əbədi xatırlasın”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri mədəniyyətlərarası dialoqa, multikulturalizmə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: “Mən Azərbaycanın bu fəaliyyətini təqdir edirəm. Azərbaycan bu məsələ ilə bağlı qlobal forumlara ev sahibliyi edib. Biz bu istiqamətdə səylərimizi davam etdirməliyik”.

İsrailin Azərbaycandakı səfiri Corc Dik isə qeyd edib ki, insanlar bu soyqırımı xatırlamalı, öyrənməlidir: “Təəssüf ki, bu gün bəzi ölkələrdə nifrət siyasəti inkişaf edir, lakin yəhudi xalqının yaşadığı soyqırımı bu siyasətin nəyə gətirib çıxardığını açıq şəkildə göstərib. Bu gün biz təkcə Holokost qurbanlarını deyil, nasizmin qurbanı olmuş digər etnik qrupları, siyasi fikirlərinə görə nasistlər tərəfindən təqib olunmuş insanları, həmçinin nasizmə qarşı mübarizədə həlak olmuş 300 min azərbaycanlını yad edir, anırıq. Mən bu mübarizələri üçün onlara öz təşəkkürümü ifadə edirəm. Biz tarixi dəyişə bilmərik, amma tarixi yadda saxlayaraq gələcəyi dəyişə bilərik”.

Konfransda Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema çıxış edib. Xanım səfir çıxışında Anna Frankın – yəhudi qızın yaşadığı faciə barəsində danışıb. O bildirib, Anna Frankın yazdığı gündəlik bu gün Azərbaycan dili daxil olmaqla 70-dən çox dilə tərcümə olunub. Diplomat hər kəsin bu kitabı oxumalı olduğunu vurğulayıb.

Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev çıxış edib. O, Cənubi Qafqazda da etnik təmizləmə siyasətinin aparıldığını, bunun ötən əsrin 1990-cı illərində Ermənistanın Azərbaycana qarşı apardığını deyib. O bildirib ki, Ermənistan faşist Qaragen Nijdenin qəhrəmanlaşdırıb, ona heykəllər qoyub. Qaragen Nijdeni ermənilərin üstün xalq olması barədə 1930-cu illərdə yazdığı əsəri geniş təbliğ olunur. F.Şəfiyev deyib ki, Azərbaycan Nijdenin qəhrəmanlaşdırılması ilə bağlı etirazlar qaldıranda onun iradları qəbul edilməyib.

Konfransda Holokost soyqırımından xilas olmuş Lev Şvartz çıxış edib. O, yaşadığı faciə barədə danışıb. L.Şvartz bildirib ki, o, Ukraynanın Odessa şəhərində kiçik bir qəsəbədə yaşayıb: “Əgər İkinci Dünya müharibəsindən əvvəl bu şəhərdə 3 min yəhudi yaşayırdısa, müharibədən sonra sayları 250 nəfərə enib”.

Holokost soyqırımından xilas olan L.Şvarts qeyd edib ki, yəhudilər yalnız düşərgələrdə qırılmayıb, yaşadıqları şəhərlərdə də öldürülüblər.

Daha sonra konfrans BMTM-nin aparıcı məsləhətçisi İlahə Çıraqova, Milli Məclisin üzvü Asim Mollazadə və "Gender Hub Azerbaijan"ın həmtəsisçisi Məryəm Məcidovanın iştirakı ilə panel müzakirələri ilə davam edib.

Konfransda İsrail səfirliyi "Xatırlamanın keşikçiləri" təşəbbüsünü təqdim edib. Bu təşəbbüs Holokost soyqırımından xilas olmuş Lev Şvartzın hekayəsinin xatırlanmasını təbliğ edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR