Ceyhun Bayramov: “Azərbaycan və Rusiya 250-dən artıq fərqli razılaşma imzalayıb”

Ceyhun Bayramov: “Azərbaycan və Rusiya 250-dən artıq fərqli razılaşma imzalayıb”
# 24 iyun 2022 14:28 (UTC +04:00)

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin göstəricisidir”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, iki qurumun gələcək tədbir planını müzakirə etdiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanla Rusiya arasında bu günə qədər 250-dən çox müxtəlif razılaşmanın imzalandığını xatırladıb.

“Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı faydalı və strateji əməkdaşlığın, mehriban qonşuluğun uğurlu nümunəsidir. İkitərəfli münasibətlər uzun tarixə malikdir. Dövlət müstəqilliyini bərpa edəndən bəri Azərbaycan və Rusiya arasında 250-dən artıq fərqli razılaşma imzalanıb. Bu razılaşmalar iki ölkə arasında əməkdaşlıqda etibarlı normativ-hüquqi baza yaradır”.

Nazir xüsusən, 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni vurğulayıb:

“Xüsusilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləni”, dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci ildə imzalanmış Bəyannaməni və nəhayət, 2022-ci ildə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasındakı hərtərəfli əməkdaşlıq səviyyəsini əks etdirir”.

Gündəmin bir çox məsələlərinin müzakirə edildiyini bildirən Ceyhun Bayramov iqtisadi sahədə Azərbaycan-Rusiya əlaqələrindən də məmnunluq ifadə edildiyini deyib.

“Koronavirus pandemiyasına baxmayaraq, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardan çox olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR