Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB
# 24 sentyabr 2019 10:25 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb.

***

03.56

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” vasitəsilə məlumat yayıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR