İren Kalin: "İsveçrə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazırdır"

İren Kalin: "İsveçrə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazırdır"
# 10 may 2022 20:04 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamenti Milli Şurasının sədri İren Kalin ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, İren Kalin ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.

O deyib ki, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. İren Kalin xüsusilə iqtisadi sahədə qarşılıqlı investisiya qoyuluşu, biznes strukturları və müəssisələr arasında əlaqələrin əhəmiyyətini qeyd edib. İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın hazırkı yüksək səviyyəsini təqdir edən İren Kalin bu cür səfərlərin həm ölkələrimiz, həm də qanunverici orqanlarımız arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

İsveçrə Parlamenti Milli Şurasının sədri ölkəsinin hər zaman regionda sülh və sabitliyin təmin edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, İsveçrənin hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazır olduqlarını bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamentinin spikeri kimi İsveçrə Konfederasiyasına ilk rəsmi səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi işinə töhfə verəcəyinə inandığını bildirib. O, Azərbaycan və İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu diqqətə çatdıraraq. Sahibə Qafarova deyib ki, bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir. Milli Məclisin sədri xüsusilə dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfələrini vurğulayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və İsveçrə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması müxtəlif sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Qlobal pandemiyanın bütün dünya dövlətləri üçün yaratdığı maneələrə və fəsadlara baxmayaraq, hazırda ölkələrimiz iqtisadi, ticarət, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. O, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühiti haqqında məlumat verərək, daha çox İsveçrə şirkətlərini Azərbaycanda, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə görülən işlərdə iştiraka dəvət edib.

Milli Məclisin sədri multikulturalizmin xalqımızın həyat tərzi olduğunu vurğulayıb. Azərbaycan və İsveçrənin qanunverici orqanları arasında əlaqələrdən danışan Sahibə Qafarova deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin vacib istiqamətlərindən biridir. Onun sözlərinə görə, müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi parlamentlərimiz arasında körpü rolunu oynaya bilər.

Spiker Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışıb. Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir, Qarabağda və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası yaradılır: "Bu gün quruculuq işlərinə ən böyük maneə Ermənistan tərəfindən ərazilərimizin minalanmasıdır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində mülki şəxs və hərbi qulluqçular həlak olub və ya yaralanıb".

Spiker Sahibə Qafarova bildirib ki, münaqişənin həllindən sonra regionda yeni reallıqlar və imkanlar yaranıb: "Zəngəzur dəhlizinin və bölgədəki digər kommunikasiya xətlərinin açılması regionun nəqliyyat potensialının əsaslı şəkildə artırılmasına imkan verəcək. Azərbaycan Ermənistana daimi sülhün yaradılması üçün öz təklifini də verib. Sülh müqaviləsinin imzalanması münasibətlərin normallaşmasına şərait yaradacaq. Cari il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşünün nəticələri göstərir ki, Ermənistan Azərbaycanın təklifini qəbul edir. Azərbaycan sülh müqaviləsinin imzalanması üzrə nümayəndə heyətləri çərçivəsində danışıqlara başlamağa hazırdır. Ermənistan münasibətlərin normalaşması üçün öhdəliklərini yerinə yetirməlidir".

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüş başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İsveçrə parlamentinin binası ilə tanış olub.

Sonra Milli Şuranın plenar iclas zalının eyvanından Azərbaycan parlament nümayəndə heyətinin rəsmi salamlanması mərasimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR