ISESCO-nun sabiq sədri: Afrikadan və Ukraynadan olan miqrantlara fərqli münasibət utancvericidir - FOTO

ISESCO-nun sabiq sədri: Afrikadan və Ukraynadan olan miqrantlara fərqli münasibət utancvericidir - FOTO
# 10 mart 2023 13:11 (UTC +04:00)

Latviya müstəqillik qazanandan bəri 600 min insan bu ölkəni tərk edib.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi” adlı paneldə Latviyanın keçmiş Baş naziri Laimdota Strauyuma deyib.

O bildirib ki, 1990-cı illərdə ölkəni tərketmə halı daha çox qeydə alınıb ki, bu da Sovet ittifaqı dağılandan sonra yaranmış iqtisadi böhranla bağlı olub: "İnsanlar bu böhrana görə ölkəni tərk edib. 2000-ci illərdə isə Latviyadan miqrasiya daha çox Britaniyaya olub. Lakin miqrantların bir qismi daha sonra ölkəyə qayıdır ki, hökumət də onlar üçün şərait yaradır, bununla bağlı bir sıra addımlar atılıb. İnsanlar indi daha çox şəxsi seçimlərinə, ailə bağlarına görə geri qayıdırlar, bu iqtisadi məsələlərlə bağlı deyil. Miqrasiya balansı ölkəmizdə neqativ olsa da, 2021-ci ildə bu sahədə balans yaranıb, həmin il daha çox belaruslu miqrant gəlib, 2022-ci ildə isə Ukraynadan qaçqınlar axın edib".

Latviyalı siyasətçi ölkəsində vətəndaşlığı olmayan şəxslər barədə də danışıb: "Onlar Latviya dilini bilmir və vətəndaşlığı qəbul etmirlər, onlar üçün Rusiyaya getmək də asandır. Ancaq bu insanlarla bağlı hökumətin qərarlar qəbul etməsi çətindir".

Paneldə çıxış edən Moldovanın keçmiş Baş naziri Çiril Qaburici deyib ki, onun ölkəsində də miqrasiya baş verir: "Son 30 ildə əhalinin 30 faizi ölkəni tərk edib. Moldova hazırda iqtisadi baxımdan həssasdır. İnsanlar iqtisadi səbəblərə görə ölkəni tərk edir".

O deyib ki, Ukrayna müharibəsinə görə, ötən il Moldova 1 milyon ukraynalı qaçqını qəbul edib və onların çoxu daha sonra Moldovanı tərk edərək Avropanın başqa ölkələrinə üz tutublar: "Lakin bir qismi ölkədə qalaraq iş yeri axtarmağa başladılar. Biz problemin köklərinə baxmalıyıq, ətraf mühitlə bağlı böhranlar, müharibələr əsas səbəblərdir. Biz miqrasiya ilə üzləşən ölkələrə dəstək verməli, yeni müharibələrin qarşısını almalıyıq. Ölkələr yaxından koordinasiya etməli, ən yaxşı təcrübələri bölüşməlidirlər. Ölkələr arasında dialoq olmalıdır. Miqrasiya probleminin həlli üçün qlobal layihə hazırlana bilər və ölkələr bu layihədə iştirak edə bilər".

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, miqrasiya mürəkkəb fenomendir: "Qeyri-bərabərlik, yoxsulluq, münaqişələr onun kökündə dayanır. Bu qlobal məsələdir. COVID-19 pandemiyası dövründə belə miqrasiya müşahidə olunurdu, mobillik sıfıra yaxınlaşsa da miqrasiyada müsbət trend də qeydə alınırdı".

Vüsal Hüseynov deyib ki, iqlim dəyişikliyi, onun fəsadları da ciddi səbəbə çevrilib, 89 milyondan çox insan iqlim dəyişikliyinə görə miqrasiya edib: "Məcburi köçkünlər də miqrasiya prosesində digər bir amildir və onun səbəbi bəllidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olduqdan sonra biz məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün işlər görürük. Miqrasiya ilə bağlı əsas səbəblər həll olunmalıdır".

Azərbaycanlı rəsmi əlavə edib ki, miqrasiya yalnız problem olaraq da görülməməlidir, bu fenomen həmçinin inkişaf üçün amil kimi də başa düşülə bilər: "Bu həm tərk edilən ölkə və qəbul edən ölkə üçün faydalı ola bilər. Miqrantların öz evlərinə göndərdiyi pullarla bağlı rəqəmlər də böyükdür. Biz daha yaxşı miqrasiya siyasəti üzərində işləyə bilər, ölkələrlə əməkdaşlığı inkişaf etdirə bilərik. Bütün bu məsələlərlə bağlı beynəlxalq protokol və sənədlərdə də tövsiyələr var. Azərbaycan bu istiqamətdə işləyir. Miqrasiya bir ehtiyacdır, onsuz yaşamaq olmaz, amma biz onu uyğunlaşdıra bilərik. Belə olan halda biz miqrasiyadan faydalana, mənfi halları aradan qaldıra bilərik".

Kolumbiyanın keçmiş xarici işlər naziri Mariya Anxela Holguin panel müzakirəsində deyib ki, onun ölkəsi Venesueladan miqrant axınına məruz qalıb ki, nəticədə 3 milyondan çox venesuelalı Kolumbiyalı gəlib: “Venesuelalılar Kolumbiyada özlərini evlərindəki kimi hiss edir. Miqrasiyada inteqrasiya prosesi çox vacibdir”.

O, ölkəsinin qanunvericiliyində miqrasiya məsələsinin necə yer alması barədə məlumat verib: "Venesuelada siyasi, sosial vəziyyətdən əlavə humanitar vəziyyət ağırlaşmışdı, dərmanlar və ərzaq çatışmırdı, ona görə də insanlar öz ölkəsini tərk etməyə başladı və ilik mərhələdə 6 milyonadək venesuelalını qəbul etdik, daha sonra onların bəziləri başqa ölkələrə getdi, hazırda 3 milyon venesuelalı bizim ölkəmizdədir. Biz bu insanlar üçün xidmətlər təklif etmişik, onlar iş tapır, digər xidmətlərdən yararlanırlar. Biz Türkiyə ilə də əməkdaşlıq edərək onların da təcrübəsini öyrəndik. Çıxardığımız dərs o oldu ki, ilk andan miqrasiyaya cavab verməliyik, gözləməməliyik ki, rəqəmlər artsın”.

"Afrika qitəsindən, Suriyadan olan miqrantlara və Ukraynadan gələnlərə qarşı Qərbdə fərqli yanaşma müşahidə olunur", - bunu isə ISESCO-nun keçmiş sədri Abdulaziz Altuveyciri çıxışında deyib.

O bildirib ki, Afrikadan miqrasiya məsələsində ikili standartlar nümayiş olunur. Müstəmləkə dövründə Afrika qitəsində çox sayda insan miqrasiya etdi, bunun da əsas səbəbləri iqtisadi, siyasi təzyiqlər və s. olub, çox insan evlərini tərk edib: "Miqrasiya edənlər cinayətkar və ya terrorist deyillər. Biz Afrika, Suriyadan olan miqrantlara və Ukraynadan olan miqrantlara fərqli münasibəti görürük, bu utancvericidir. Mən Qərbi tənqid etmək istəmirəm, amma onların bir qisminin beynində problem var, onlar insanları irqlərə bölürlər. Afrika qitəsi zəngindir, bu ölkələrin insanları çox yaxşıdır, cinayətkarlar deyillər. İnsanları bölməyək, bu insanlığa, insan hüququna və etikaya aidiyyəti yoxdur. Gəlin insan olaq! Rəngə, irqə, hansı ölkədən gəlməsinə görə insanları bölməyək".

Ekvadorun keçmiş Prezidenti Rozalia Arteaqa Serrano deyib ki, Ekvadordan çox sayda miqrant var, onlar iqtisadi səbəblərdən digər ölkələrə köçür: "2000-ci ildə biz milli pul vahidimiz dəyişdik və ABŞ dolları ilə əvəz etdik və nəticədə ölkə cəlbedici oldu, insanlar bura gələrək iş axtarmağa başladı. Ekvadorda çox sayda venesuelalı və kolumbiyalı var, 2 milyon venesuelalı bu illər ərzində bizim ölkəyə gəlib, lakin bir qismi başqa ölkələrə gedib, hazırda yarım milyon venesuelalı Ekvadorda yaşayır. Ekvador balaca ölkə olsa da, hamıya qapılarını açıb.

Ölkənin iqtisadi vəziyyəti bizim üzləşdiyimiz problemləri aradan qaldırmağa imlan vermir. Beynəlxalq ictimaiyyətin diqqəti Ukrayna və Suriyadadır, biz də bu ölkələrdə baş verənlərə üzülürük, amma Cənubi Amerika da bu böhranla üzləşib, 90 milyon insan Cənubi Amerikada öz evlərini tərk edib”.
Müsəlman Ağsaqqalar Şurasının Baş katibi Muhammed Mahmud Abdulsalam çıxışında deyib ki, bu forumda qlobal problemlər ətraflı müzakirə olunur.

O da çıxışında Afrika və Ərəb ölkələrində miqrantlara qarşı münasibətə toxunub. O deyib ki, ərəb ölkələrindən olan miqrantlar getdikləri ölkələrdə bəzən kəskin münasibətlə, davranışlarla üzləşir ki, bu yanaşma dəyişilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR