Ötən il beynəlxalq münasibətlərlə bağlı xərclər açıqlanıb

Ötən il beynəlxalq münasibətlərlə bağlı xərclər açıqlanıb
# 21 may 2022 16:30 (UTC +04:00)

2021-ci ildə beynəlxalq münasibətlər, xarici yardımlar və xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər açıqlanıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq, beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər, xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların fəaliyyəti ilə bağlı digər xərclər), xarici yardımlar, xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 314,6 milyon manat məbləğində vəsaitin 288,2 milyon manatı istifadə olunub.

Hesabat ilində xarici ölkələrdə fəaliyyət göstərən 73 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 125,9 milyon manat və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.

2021-ci ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq çərçivəsində üzvlük haqqı üzrə xərclər (BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalar, İslаm Əməkdaşlıq Təşkilatı və оnun qurumlаrı, Müstəqil Dövlətlər Birliyi təşkilаtlаrı və digər təşkilatlara) 16,7 milyon manat, beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı öhdəliklər üzrə xərclər (Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyasına ödənişlər) 7,0 milyon manat təşkil edib.

2021-ci ilin dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər (o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclasının keçirilməsi üçün 291,0 min manat, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumlarının İdarə heyətinin 26-cı və Təlim Komitəsinin 21-ci toplantıları üçün 17,0 min manat, Beynəlxalq Antikorrupsiya Akademiyasının magistr proqramının modulu üçün 34,0 min manat, Azərbaycan və Türkiyə Enerji Forumu üçün 9,0 min manat, “EXPO 2020 Dubai” sərgisində iştirak üçün 7531,0 min manat, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün 93,0 min manat, 13-cü “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı” üçün 191,0 min manat, MDB iştirakçısı olan dövlətlərin gənc memarlarının iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsinin keçirilməsi üçün 68,0 min manat, 8-ci Qlobal Bakı Forumu üçün 1477,0 min manat, “Formula 1” Azərbaycan Qran-Pri yarışlarının və Futbol üzrə Avropa çempionatının qrup oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı 80,0 milyon manat, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş prokurorlarının ilk iclasının Bakı şəhərində keçirilməsi üçün 199,5 min manat və Azərbaycan Respublikasının maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması ilə əlaqədar cəlb edilən xarici hüquq şirkətlərinin göstərdiyi xidmətlər üzrə 8,0 milyon manat) üzrə 97,9 milyon manat məbləğində vəsait istifadə edilib.

2021-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər (o cümlədən BMT-nin Təhsil, Еlm və Mədəniyyət Təşkilatı (UNESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının fəaliyyəti ilə bağlı xərclər üçün 225,5 min manat, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentliyinin) fəaliyyəti ilə bağlı xərclər üçün 313,5 min manat, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərçivəsində keçirilən “Sülh naminə tərəfdaşlıq proqramı” və “Fərdi tərəfdaşlığa dair əməliyyat planı” üzrə tədbirlərlə bağlı xərclər üçün 265,5 min manat, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına nümayəndələrin ezam olunması ilə bağlı xərclər üçün 121,3 min manat, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin saxlanılması və idarə edilməsi ilə bağlı xərclər üçün 540,0 min manat, ölkə daxilində və xaricdə ixracın və investisiyaların təşviqi (AZPROMO) ilə bağlı fəaliyyət üzrə xərclər üçün 1688,0 min manat, UNESCO ilə əməkdaşlıq çərçivəsində fəaliyyət üzrə xərclər üçün 895,5 min manat, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı üzrə Azərbaycan Respublikası Milli Komissiyasının fəaliyyəti üçün 90,0 min manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2021-ci il üzrə fəaliyyətinin təşkili ilə əlaqədar xərclər üçün 1750,0 min manat, İraq Respublikasından və Suriya Ərəb Respublikasından Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması üçün 80,0 min manat və sair xərclər üçün 241,5 min manat) üzrə 6,2 milyon manat məbləğində vəsait istifadə edilib.

Xarici yardımlar üzrə xərclər üçün 31,7 milyon manat məbləğində vəsait sərf olunub. Başqa sözlə, beynəlxalq təşkilatlara yardımlar üzrə 19,9 milyon manat (Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinə dəstək üçün 200,0 min manat, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə ianə üçün 997,8 min manat, “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Saziş üzrə 5,1 milyon manat, Dünya İqtisadi Forumuna 2021-ci il üzrə ödəniş haqqı üçün 1,7 milyon manat, Avropa Futbol Assosiasiyalarının İttifaqına (UEFA) 11,7 milyon manat, Beynəlxalq Qızıl Xaç Komitəsinə könüllü maliyyə töhfəsi üçün 37,0 min manat, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına könüllü maliyyə töhfəsi üçün 44,0 min manat, BMT Baş Assambleyasının 76-cı Sessiyasının sədrinin ofisinin Etimad Fonduna 85,0 min manat), beynəlxalq maliyyə institutlarına yardımlar üzrə 8,0 milyon manat (Beynəlxalq İnkişaf Assosiasiyasına ianə üçün 2,8 milyon manat, Asiya İnkişaf Bankının Asiya İnkişaf Fonduna ianə üçün 850,0 min manat, “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan Respublikasının Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında Saziş” üzrə ianə üçün 850,0 min manat, “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan - AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar Əməkdaşlıq Sazişi” üzrə öhdəliyin icrası üçün 3,4 milyon manat), beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazisində yerləşən ofislərinin fəaliyyətinə yardımlar üzrə 2,1 milyon manat (Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına maliyyə yardımı üçün 2,0 milyon manat, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Saziş üzrə töhfə üzrə 170,0 min manat), baş vermiş təbii fəlakətlər və humanitar böhranla bağlı birbaşa yardımlar üzrə 1,2 milyon manat (İndoneziya Respublikasına maliyyə yardımı üçün 85,0 min manat, Xorvatiya Respublikasına maliyyə yardımı üçün 840,0 min manat, Yəmən Respublikasına maliyyə yardımı üçün 51,0 min manat, Sent Vinsent və Qrenadinə maliyyə yardımı üçün 170,0 min manat), humanitar böhranla bağlı beynəlxalq təşkilatlar vasitəsilə edilmiş yardımlar üzrə 510,2 min manat (BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlar üzrə Yardım və İş Agentliyinə fələstinli qaçqınlara yardım göstərilməsi məqsədilə 340,2 min manat, BMT-nin Aclığın Qarşısının Alınması üzrə Yüksək Səviyyəli İşçi Qrupuna maliyyə yardımı üçün 170,0 min manat) və sair xərclər üçün 80,0 min manat xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR