Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilib, bəyanat qəbul edilib - TAM MƏTN - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclası keçirilib, bəyanat qəbul edilib - TAM MƏTN  - YENİLƏNİB
# 11 yanvar 2022 14:37 (UTC +04:00)

Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası keçirilib.

Türk Şurasından APA-ya verilən məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrlik etdiyi iclasa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev qatılıb.

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Qazaxıstandakı həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyiblər, üzv ölkə Qazaxıstana və onun qardaş xalqına olan güclü dəstəklərini və həmrəyliklərini təsdiq ediblər.

Qazaxıstanda sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

İnsanların həyatını təhlükəyə atan, ictimai asayişi pozan, şiddətə yönəlik hərəkətlər və vandalizm aktları qınanıb.

Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb.

Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət etmənin əhəmiyyəti vurğulanıb və Qazaxıstan Hökumətinin konstitusiya quruluşunu devirməyi hədəfləyən terrorçulara, radikallara qarşı apardığı antiterror əməliyyatları dəstəklənib.

“Türk Dünyası Vizyonu 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqət çəkilib.

Mövcud böhranın öhdəsindən gəlinməsi üçün ehtiyac duyulacaq şəkildə Qazaxıstan xalqının və Hökumətinin dəstəklənməsinə hazır olunduğu təsdiqlənib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qazaxıstan xalqının rifahını daha da artırmağa yönəlik islahat gündəminə dair dəstək bəyan edilib.

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası bu mövzuda yaxın əməkdaşlıq və məşvərət içərisində qalmağa qərar verib.

***

saat 12:01

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçirilən iclasa TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları qatılıb.

Videokonfrans formatında keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunur.

İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR