Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov İran Prezidenti ilə görüşüb - YENİLƏNİB
# 09 dekabr 2020 15:22 (UTC +04:00)

9 dekabr 2020-ci il tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

Azərbaycan XİNdən APA-ya bildirilib ki, Prezident Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırıb. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd edib. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırıb. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb.

***

13.37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqda müzakirələr aparılıb.

İrana səfəri çərçivəsində C. Bayramov bu gün xarici işlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR