Fatma Yıldırım: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı özünün prioritet istiqamətlərindən hesab edir”

Fatma Yıldırım: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı özünün prioritet istiqamətlərindən hesab edir”
  • Clock-gray 16:36
  • calendar-gray 19 İyun 2020

“Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələri qarşılıqlı hörmət prinsiplərinə əsaslanır”.

Bunu APA-ya açıqlamasında iyunun 18-də Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışını şərh edən deputat Fatma Yıldırım deyib.

O bildirib ki, Aİ ilə əməkdaşlığı özünün prioritet istiqamətlərindən biri hesab edən Azərbaycan siyasi, iqtisadi, hüquqi və digər sahələrdə bu təşkilatla uğurlu əməkdaşlıq etməkdədir: “Avropa İttifaqının rəhbərləri dəfələrlə bəyan ediblər ki, Azərbaycan onlar üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Dərin etimad mühitində davam edən əməkdaşlıq hazırda yeni mərhələnin başlanğıcındadır. Azərbaycan Aİ ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək Ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini ortaya qoyur. Respublikamız Aİ-nin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir və gerçəkləşdirir. Hazırda bu qurumun 9 üzvü ilə ölkəmiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. “Tərəfdaşlıq Prioritetləri” adlı bu sənəd ölkəmizin Aİ strukturlarına inteqrasiyasına xüsusi töhfə verəcək. Ancaq əməkdaşlığın yeni çərçivələri bir sıra mühüm məsələlərin də həllini zəruri edir”.

Fatma Yıldırım deyib ki, Aİ ilə imzalanması nəzərdə tutulan yeni saziş tərəfdaş ölkələrdə təhlükəsizliyin möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələləri də şərtləndirir: ““Tərəfdaşlıq Prioritetləri”ndə çox aydın şəkildə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Azərbaycanın Aİ ilə sıx əməkdaşlığının mühüm prinsiplərindən biri genişmiqyaslı layihələrin gerçəkləşdirilməsidir. Regionda sülhə və sabitliyə təhdid olan Ermənistan isə Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamaqla regionda sabitliyin və rifahın artırılmasına maneçilik törədir. Belə bir vəziyyətdə Avropa İttifaqı Dağlıq Qarabağ probleminin həllində respublikamızın gözlədiyi prinsipial və qətiyyətli addımları dəstəklədiyi kimi təsirli addımlar atılmasında da fəal olmalıdır. “Tərəfdaşlıq Prioritetləri”ndə əks olunmuş eyni prinsiplər əsasında münaqişə həll edilməlidir. Bunu Cənab Prezident İlham Əliyev növbəti dəfə Aİ rəhbərlərinin diqqətinə çatdırdı”.

Millət vəkili bildirib ki, videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyan təxribat yaratmağa cəhd etsə də, Azərbaycan Prezidentinin müdrik cavabı onun ifşası ilə nəticələndi: “Ermənistanın baş naziri növbəti dəfə ölkəsinin terrorçu simasını ortaya qoydu və Avropada sülh və təhlükəsizliyə maneə olduğunu nümayiş etdirdi”.

apa-logo-mini

Digər xəbərlər