Gürcüstanda ingilis dilində “Xocalıya ədalət” adlı xüsusi jurnal nəşr edilib

Gürcüstanda ingilis dilində “Xocalıya ədalət” adlı xüsusi jurnal nəşr edilib
# 26 fevral 2021 10:23 (UTC +04:00)

Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Gürcüstanda bir sıra anım tədbirləri keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, anım tədbirləri çərçivəsində soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalıya ədalət” adlı xüsusi jurnal çap edilib.

Jurnalda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qələbə paradında çıxışı, həmçinin Prezidentin Şuşaya səfəri və oradakı çıxışı geniş işıqlandırılıb. Səfirlikdən bildirilib ki, Azərbaycanın haqq səsinin və qazandığı böyük zəfərin dünya ictimaiyyətinə çatdırılması yolunda atılan addımlara dəstək məqsədi daşıyan jurnalda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı və təsisçisi Leyla Əliyevanın ön sözü yer alıb.

Jurnalda törədilmiş soyqırım nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir, Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlar barədə məlumat verilir. Həmçinin, dünyanın aparıcı kütləvi informasiya vasitələrində -“The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” kimi nəşrlərdə bu soyqırım barədə məlumat verildiyi qeyd olunur. Jurnalda Xocalı soyqırımı qurbanları, tarixi faktlar, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər də yer alıb.

Səfirlik tərəfindən qeyd olunan jurnalın Gürcüstanın Prezidentinə, Baş Nazirinə, parlament sədrinə, həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və Parlamentinin səlahiyyətli nümayəndələrinə, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara ünvanlanması nəzərdə tutulur. Jurnal Tbilisi şəhərində, ingilis dilində çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR