MM: Belçika Parlamenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib

MM: Belçika Parlamenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiq edib
  • Clock-gray 13:36
  • calendar-gray 11 Dekabr 2020

2020-ci il dekabrın 2-də Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Qarabağla bağlı qətnamə layihəsi müzakirə olunmuş və sənəd layihəsi bir sıra düzəlişlərlə sözügedən komitədə qəbul edilməklə Plenara tövsiyə olunmuşdu.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qətnamə layihəsinin komitədə qəbul edilən mətninin bu il dekabrın 17-də Belçika Nümayəndələr Palatasının plenar iclasında səsverməyə qoyulması gözlənilir. Lakin ermənipərəst dairələrin canfəşanlığı nəticəsində Belçika Senatı da eyni mətni dekabrın 11-də səsverməyə çıxarmağı qərara alıb.

Qətnamə layihəsinin Senata gətirilməsinin əsas təşəbbüskarı Senatın Sahələrarası məsələlər komitəsinin sədri, Belçikanın özündə də separatçılıq meyllərinin əsas daşıyıcılarından olan, islamofob və anti-türk əhval-ruhiyyəli millətçi Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaekerdir. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Demesmaeker Brüsseldəki əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir və sonuncunun təşkilatçılığı və şəxsən müşayiəti ilə ötən il oktyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib. 

Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Belçika üzrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Kamal Cəfərov belçikalı senator Mark Demesmaekerə məktub ünvanlayıb. Məktubda millət vəkili belçikalı həmkarına mahiyyəti üzrə ətraflı məlumat verib, Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüququn və hətta Belçikanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünün yanında olduğunu xatırladıb.

Onu da qeyd edək ki, müxtəlif erməni diaspor təşkilatları və ermənipərəst qüvvələr bu tip qətnamələr qəbul etdirməklə Ermənistanın Azərbaycan qarşısındakı son uğursuzluqlarını pərdələməyə çalışırlar. Əslində Fransada istədiklərinə tam nail olmayan erməni lobbi təşkilatlarının Belçika parlamentindəki anti-Azərbaycan səyləri də puç olub. Belə ki, qətnamənin ilkin layihəsində sabiq işğalçı rejimin tanınması və onun təhlükəsizliyinin təminatı üçün bu rejimlə diplomatik əlaqələrin qurulması məsələsi təklif edilib. Lakin Azərbaycan Hökumətinin və Milli Məclisinin vaxtında atılmış addımları nəticəsində bu cür absurd təkliflər qəbul edilməyib. Həmçinin qətnamə layihəsinin ilkin mətnindəki qondarma “artsax” adına bütün istinadlar çıxarılıb və Dağlıq Qarabağ anlayışı qəbul edilib. Ən mühüm məqam isə ondan ibarət olub ki, beynəlxalq hüquqa uyğun olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri layihəyə daxil edilib. Başqa sözlə, ermənilərin və ermənipərəst qüvvələrin hər vəchlə qəbuluna çalışdığı sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edib. 

Eyni zamanda, layihənin ilkin versiyasında olan digər bir sıra absurd fikirlər – “ATƏT-in Minsk qrupundan Naxçıvanla Azərbaycan və Türkiyə arasında Ermənistan ərazilərindən keçməklə koridor yaradılması ideyasını rədd etməyi tələb etmək”, “Azərbaycan ordusuna 27 sentyabrdan əvvəl tutduğu mövqelərə dərhal çəkilməsi üçün çağırış etmək”, “9 noyabr bəyanatı Ermənistana təzyiq altında əlverişsiz şərtlərlə imzalatdırılmışdır” kimi təkliflər rədd edildi, qəbul edilməyib. 

Qardaş Türkiyənin Azərbaycana verdiyi aktiv diplomatik dəstəklə əlaqədar olaraq, sənəddə Türkiyəyə müəyyən təzyiqlərin edilməsi ilə bağlı çağırışlar da qəbul edilmədi. Belə ki, “Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması”, “Türkiyə səfirinə Belçika hökumətinin etirazının çatdırılması”, “Türkiyənin NATO-dan çıxarılması üçün bütün mümkün tədbirlərin görülməsi” kimi cəfəng fikirlər layihənin mətnindən çıxarılıb. 

Erməni lobbi təşkilatlarının qətnamə layihəsindəki müəyyən bəndləri qabardaraq “uğur” kimi təqdim etməsi cəhdlərinə baxmayaraq, əslində qondarma “artsax respublikası"nın tanınması qətnaməsinin iflasa uğraması və Fransadan sonra Belçikada çox gözlənilən “dəstəyi” ala bilməməsi erməni və ermənipərəst dairələrdə, o cümlədən “artsaxın tanınanmasına” dair qətnamə təkliflərini irəli sürən deputatlarda böyük narazılıq və ruh düşkünlüyü yaradıb.

Əsas məqsədləri Belçika parlamentində “artsaxın tanınması” olan, lakin bu ideyanın reallaşdırılmasına nail ola bilməyən ermənilərin Fransa modelini təkrarlamaq niyyətləri puça çıxdı. Almaniya, Lüksemburq və Belçikadan sonra qondarma rejimin tanınma məsələsində Fransa, faktiki olaraq, Avropada təklənmiş duruma düşüb. 

Azərbaycan Respublikası Milli Məclisi hadisələrin gedişatını izləməyə davam edir və mütəmadi olaraq ictimaiyyəti məlumatlandıracaq.

Firuzə Vahid

Digər xəbərlər