Rumıniya Respublikasının Milli Günü qeyd edilib - FOTO

Rumıniya Respublikasının Milli Günü qeyd edilib - FOTO
# 28 noyabr 2019 20:19 (UTC +04:00)

Noyabrın 28-də Rumıniya Respublikasının Milli Günü qeyd edilib.

APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, hökumət və xarici səfirlik, o cümlədən mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku çıxış edərək qonaqları salamlayıb. O bildirib ki, 2019-cu il həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar il olub: "Ölkələrimizin qarşılıqlı strateji tərəfdaşlığının 10 ili tamam olub və bu 10 il ərzində Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənib. Bu gün biz bütün sahələrdə - nəqliyyat, ticarət, enerji, təhsil, mədəniyyət sahələrində əməkdaşlığımızı genişləndirmək üçün birlikdə çalışırıq. Beynəlxalq səviyyədə bir-birimizin əsas diplomatik təşəbbüslərini və öncəliklərini dəstəkləyirik. Biz bir-birimizə hörmət bəsləyən tərəfdaşıq. Rumıniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına ümidlə baxırıq. Bu günə qədər qazandıqlarımıza görə Azərbaycanın rəsmi qurumlarına, şirkətlərinə, universitetlərindəki tərəfdaşlarımıza çox şey borcluyuq".

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə Azərbaycan hökuməti adından Rumıniyanı Milli Günü münasibətilə təbrik edib. O, Azərbaycan və Rumıniya əlaqələrinin 27 illik tarixi olduğunu qeyd edib: "Azərbaycan öz müstəqilliyini elan etdiyi ilk illərdə Rumıniya müstəqilliyimizi tanıyıb və bu əlaqələr daim artan xətt üzrə inkişaf edib. Bu əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradələrinin də xüsusi rolu var. 2009-cu ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, 2011-ci ildə birgə fəaliyyət proqramının imzalanması bizim tərəfdaşlığımızın bütün sahələr üzrə inkişafına təkan verdi. Bu gün Azərbaycanla Rumıniya arasında demək olar bütün sahələr üzrə sürətli əməkdaşlıq aparılır. İnvestisiya əməkdaşlığımız 120 milyon dollardan artıqdır, elmi-texniki əməkdaşlığımız inkişaf edir, ticarət əlaqələrimiz daha da genişlənir. Əlbəttə, bu əlaqələrin mütəşəkkil şəkildə irəliləməsi üçün müştərək komissiyamızın böyük rolu var. Artıq komissiya 5 iclas keçirib və sonuncu iclas da Rumıniyada keçirilib. Növbəti iclasın gələn ilin əvvəlində Azərbaycanda baş tutacağını güman edirik. Müştərək komissiya Azərbaycan və Rumıniya münasibətlərinin inkişafında hərəkətverici qüvvədir. Eyni zamanda, Rumıniya Azərbaycanın ən böyük haqq-ədalət davası olan Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın haqq səsini dəstəkləyir və beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü çərçivəsində münaqişənin həll edilməsində öz fikrini deyir. Məhz ona görə Azərbaycan və Rumıniya əlaqələri bu gün strateji tərəfdaşlıq səviyyəsindədir, inanıram növbəti illərdə də strateji əməkdaşlığımız ancaq və ancaq genişlənəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR