XİN başçısı: “Azərbaycan regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisidir”

XİN başçısı: “Azərbaycan regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisidir”
# 28 dekabr 2020 17:57 (UTC +04:00)

Azərbaycan regional əməkdaşlığın tərəddüdsüz dəstəkçisidir və bölgədə mehriban qonşuluq münasibətlərinin və sabitliyin möhkəmləndirilməsində, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasında çox maraqlıdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilmiş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bunlar bizim işimiz üçün ümumi bir çərçivəni təşkil edir və Azərbaycan öz sədrliyində bu yanaşmaya əsaslanıb: Ümumi hədəflərə xidmət etmək üçün sədrlik prioritetləri təyin olunub. Nəticə etibarilə, ticarət, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə bizim əməkdaşlığımız daha da dərinləşib.

Biz əsasən Təşkilatımız üçün çox vacib layihə olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılmasına diqqət ayırdıq. Nəqliyyat Nazirlərinin sonuncu görüşü və birgə bəyanat bağlantının genişləndirilməsi üçün vacib addımdır. Artıq Nəqliyyat Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması üçün Avropa İttifaqı ilə işləməyə başlamışıq və Aİ-nin bu layihəni dəstəkləməyə marağını yüksək qiymətləndiririk.

O qeyd edib ki, GUAM-ın daha bir qabaqcıl təşəbbüsü - azad ticarət sazişi ilə bağlı danışıqlar davam edir: Layihənin bütün üzv dövlətlərin maraqlarına və gözləntilərinə uyğun şəkildə inkişaf etməsi çox vacibdir.

Biz beynəlxalq təşkilatlarla GUAM formatında səmərəli əməkdaşlıqdan və birgə fəaliyyətlərin əlaqələndirilməsindən məmnunuq. BMT Baş Assambleyasının hazırkı 75-ci sessiyası çərçivəsində "Birləşmiş Millətlər Təşkilatı ilə GUAM arasında əməkdaşlıq" qətnaməsi yekdilliklə qəbul edilib. Biz eyni zamanda, BMT Baş Assambleyasının "GUAM regionunda həll olunmamış münaqişələr və bunların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri" ilə bağlı qətnamə layihəsinin təşviqi istiqamətində işimizi davam etdirməliyik.

Biz Aİ üzv dövlətlərinin GUAM üzv ölkələrinin Helsinki Yekun Aktında bəyan edildiyi kimi ərazi bütövlüyü, müstəqillik və suverenliyi daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama, beynəlxalq hüquqa öhdəliklərini təsdiqlədikləri 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlıq siyasətinə dair Aİ Şurası Nəticələrini alqışlayırıq. GUAM üzv dövlətlərinin mövzu ilə bağlı yekdil mövqeyi çox mühüm əhəmiyyət kəsb edib və ümid edirik ki, yuxarıda göstərilən məqamlar 2021-ci ilin martında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannamə layihəsində də aydın şəkildə öz əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR