Oqtay Əsədov Rusiya Federal Şurasının və Özbəkistan Ali Məclisi Senatının sədrləri ilə görüşüb

Oqtay Əsədov Rusiya Federal Şurasının və Özbəkistan Ali Məclisi Senatının sədrləri ilə görüşüb
  • Clock-gray 18:49
  • calendar-gray 21 Noyabr 2019

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və növbəti Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

O. Əsədov bu gün səfər çərçivəsində Rusiya Federasiyası Federal Şurasının Sədri xanım Valentina Matviyenko ilə görüşüb. Federal Şuranın Sədri bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr günbəgün inkişaf edir, dövlət başçılarımızın görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin dərinləşməsi üçün möhkəm zəmin yaradıb. V.Matviyenko Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakını yüksək qiymətləndirərək, tədbirin önəmini xüsusi vurğulayıb. Qeyd edilib ki, belə forumlar qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından böyük önəm daşıyır.

V.Matviyenko bildirib ki, parlamentlərarası əlaqələr dövlətlərarası münasibətlər sistemində mühüm yer tutur: “Bu baxımdan bu sahədə əlaqələrimizin dərinləşməsi həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir”.

Milli Məclisin Sədri V.Matviyenkonun cari ilin aprelində ölkəmizə səfərini xatırlayaraq, səfər çərçivəsində keçirilən görüşlərin parlamentlərarası münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Spiker MDB PA-nın 50-ci plenar iclasında müzakirə olunacaq məsələlərin MDB məkanı üçün əhəmiyyətindən və qurumun vətəndaş cəmiyyəti institutlarının, o cümlədən demokratiyanın inkişafına verdiyi töhfədən danışıb, ölkələrimizin nüfuzlu beynəlxalq qurumlarda iştirakını, bu platformada nümayəndə heyətlərimizin mütəmadi görüşlərini təqdir edib. Eyni zamanda dövlətlərimiz arasındakı yüksək siyasi dialoqun iqtisadi sahəyə də müsbət təsiring diqqət çəkib, Azərbaycanın nəinki Rusiyanın Federal qurumları ilə, o cümlədən bu ölkənin regionları ilə də əlaqələri dərinləşdirməkdə maraqlı olduğunu söyləyib.

Bu gün  O. Əsədov MDB PA-nın tədbirlərində iştirak edən Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva ilə də görüşüb. Ali Məclis Senatının Sədri MDB PA tədbirləri çərçivəsində bu görüşdən məmnun qaldığını, azərbaycanlı deputatlarla növbəti dəfə fikir mübadiləsi aparmaq imkanından razılığını ifadə edib. T.Narbayeva Azərbaycan və Özbəkistan xalqlarının dostluğunun qədim tarixi kökləri olduğunu bildirərək, onların ümumi milli və mənəvi dəyərləri bölüşdüklərini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərir: “Özbəkistan tərəfi Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir”.

Milli Məclisin Sədri Oqtay Əsədov dövlət başçılarımızın görüşlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. Bildirilib ki,  parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, deputatların nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri onları düşündürən məsələlərin müzakirəsi baxımından böyük önəm daşıyır.

Spiker TÜRK PA çərçivəsində əməkdaşlığımızın daha da inkişafının əhəmiyyətindən danışaraq, bu qurumun türkdilli dövlətlər arasında münasibətlərinin dərinləşməsinə xidmət etdiyini söyləyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək Ki, bu gün Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın Şura iclası keçirilib. İclasda Plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlərə baxılıb. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxıstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlər müzakirə olunub.

Noyabrın 22-də MDB PA-nın növbəti plenar sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date