Corc Buşa Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyata başlamağı qadağan edən qanun layihəsi hazırlanıb

Corc Buşa Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyata başlamağı qadağan edən qanun layihəsi hazırlanıb
# 06 mart 2007 09:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, qanun layihəsinin müəllifi, Demokrat Partiyasından olan Ceyms Uebb Senatdakı çıxışında ABŞ hərbi-dəniz qüvvələri və raket hücumundan müdafiə sistemlərinin İran Körfəzində cəmləşdirilməsinin davam etdiyini qeyd edərək İranın bunu hücum hazırlığı kimi qiymətləndirə biləcəyi, bunun da hər iki tərəfin səhv addımlar atmasına gətirib çıxarması ehtimalından narahat olduğunu bildirib. C. Uebb 1988-ci ildə baş verən insident zamanı ABŞ hərbi gəmisinin aqressiv əhval-ruhiyyəli komandirinin “İran air” aviaşirkətinin sərnişin təyyarəsini vurmağı əmr etdiyini xatırladıb. İndiki rəhbərliyin bir çox nümayəndəsinin aqressiv ritorikasını, İrana hücum etməyin mümkünlüyünə dair bəyanatlarını və prezidentin İraqda yol verdiyi strateji yanılmaları nəzərə alan senatorun sözlərinə görə, təqdim etdiyi qanun layihəsinə əsasən Konqres başqa dövlətə müharibə elan olunması məsələsində son sözü söyləmək hüququnu özündə saxlayır: “Prezident İrana qarşı birtərəfli qaydada hərbi əməliyyatlara başlamaq hüququna malik deyil”. Bununla yanaşı, qanun layihəsi elə tərtib edilib ki, ABŞ Silahlı Qüvvələrinin İran sahilləri yaxınlığındakı beynəlxalq sularda taktiki fəaliyyət imkanları məhdudlaşdırılmasın: “Qanun bizim ordumuzun İranın mümkün hücumlarına və ya başqa istiqamətlərdən gələ biləcək təhlükələrə cavab verməsi, daha sonra İran ərazisinə doğru yer dəyişdirməsinə imkan verir”. C. Uebb sənədin kəşfiyyat məlumatları toplamaq məqsədilə keçirilən əməliyyatlara qadağa qoymadığını da əlavə edib. Layihə ilə bağlı debatların bu həftə başlayacağı gözlənilir. Qeyd edək ki, demokratların önəmli simalarından olan senator Ceyms Uebb Vyetnam müharibəsinin iştirakçısıdır və bir çox orden-medala layiq görülüb. Senatın katibliyindən bildiriblər ki, prezident Corc Buşa İrana zərbə endirməyi qadağan edən analoji qanun layihəsi Nümayəndələr Palatasında da hazırlanır. Layihənin müəllifləri Nümayəndələr Palatasının sədri, demokratların lideri Nensi Pelosi və müdafiə ayırmaları üzrə alt komitənin sədri, Vyetnam savaşının daha bir iştirakçısı, demokrat Con Murtadır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR