Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclası keçirilib

Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclası keçirilib
# 10 may 2024 10:12 (UTC +04:00)

Mayın 7-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti iclasda Azərbaycanı təmsil edib.

“Maliyyə trendləri – FinTech və banklar, fırıldaqçılıqla mübarizə, İslam bankçılığının populyarlaşması” adlı konfransın açılış panelində Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, Ziraat Bankın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar və vitse-prezidenti ABA prezidenti Zakir Nuriyev, eyni zamanda Şuraya üzv ölkələrin rəhbər şəxsləri çıxışlar ediblər.

Şuranın prezidenti Alpaslan Çakar açılış panelində bu sözləri deyib: “2022-ci ildə İstanbulda başladığımız yolculuğa, keçən il Bakı, bu il də Daşkənddə davam edirik. Şura üzvləri olaraq hər il bir araya gəlirik və region üçün əhəmiyyətli olan iqtisadi məsələlər ətrafında müzakirələr aparırıq”.

Eyni zamanda Şuranın vitse-prezidenti Zakir Nuriyev açılış panelində çıxışında bildirib ki, Türk dünyasının banklar assosiasiyalarının bir araya gəldiyi növbəti tədbirin belə qısa müddətdə təşkili bu birliyə verilən önəmin yüksək olduğunu göstərir:

“Banklar və ümumilikdə maliyyə sektoru iqtisadiyyatın lokomotividir və onların birliyi iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edilməsinə və yön verilməsinə ciddi dəstək olur. Türk bank icmalarının birgə fəaliyyəti də ölkələr arasındakı iqtisadi bağların daha da güclənməsinə imkan yaradacaqdır. Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası, o cümlədən Azərbaycan Banklar Assosiasiyası olaraq bu əməkdaşlığı davamlı dəstəkləyəcəyik. Azərbaycan bankları da qeyd etdiyim kimi Azərbaycan iqtisadiyyatının bir lokomotivi olaraq, öz inkişafını davam etdirir. Bu inkişafı, həm kəmiyyət, həm keyfiyyət, həm də rəqəmsallaşmada özünü göstərməkdədir”, – deyə qeyd edib.

Qeyd edək ki, Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə 2022-ci il noyabrın 4-də “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb. 13 iyun 2023-cü il tarixində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”nın ikinci iclası Bakıda baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR