Sosioloji sorğu: “2020-ci ildə dünyada yeganə hegemon supergüc ABŞ, yaxud Çin olacaq”

Sosioloji sorğu: “2020-ci ildə dünyada yeganə hegemon supergüc ABŞ, yaxud Çin olacaq”
# 26 noyabr 2007 12:06 (UTC +04:00)
2020-ci ildə dünyada yeganə hegemon supergüc ABŞ, yaxud Çin olacaq. APA-nın məlumatına görə, “Harris İnteractive” şirkəti ABŞ və beş Avropa ölkəsində keçirdiyi sorğunun yekunu olaraq bu nəticəyə gəlib. Amerikalı respondentlərin 40 faizi 10 il sonra dünyanın yeganə hegemon gücünün ABŞ olacağını iddia ediblər, onların 24 faizi Çinin, 4 faizi Avropa İttifaqının, 2 faizi Hindistan və Yaponiyanın, 1 faizi isə Rusiyanın dünyaya hegemonluq edəcəyini vurğulayıb. Böyük Britaniya vətəndaşlarının isə 32 faizi ABŞ-ın, 28 faizi Çinin, 4 faizi Avropa İttifaqının dünyada qanunları diktə edəcəyini bildirib. Almanların 30 faizi ABŞ-ın, 25 faizi Çinin 14 faizi Avropa İttifaqının 10 il sonra dünyaya hegemonluq edəcəyi qənaətindədir. Çinin dünyanın yeganə hegemon qüvvəsi olacağı fikri Fransa cəmiyyətində daha möhkəmdir. Fransızların 47 faizi bu cür düşünür, onların yalnız 7 faizi ABŞ-ın dünyadakı hazırkı mövqeyini qoruyub saxlayacağı qənaətindədir. İspanların 45, italyanların 38 faizi Çinin hegemonluğu ilə bağlı proqnozları bölüşür. Maraqlıdır ki, Rusiyanın hegemon gücə çevriləcəyini iddia edənlər Böyük Britaniya və Almaniyada nisbətən üstünlük təşkil edir. Bu ölkələrdən olan respondentlərin 3 faizi 10 il sonra dünyanın yeni paytaxtının Vaşinqton, yaxud Pekin deyil, Moskva olacağını düşünürlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR