BMT: Qəzzada 52 mindən çox fələstinli evsiz qalıb

Qəzza

© APA | Qəzza

# 18 may 2021 15:34 (UTC +04:00)

“İsrailin hava hücumları nəticəsində Qəzza zolağında təxminən 450 bina dağılıb və ya ciddi şəkildə zədələnib”.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Humanitar Yardımların Koordinasiyası üzrə Ofisinin sözçüsü Lens Yaerke jurnalistlərə deyib.

O bildirib ki, bu zərbələr nəticəsində evləri dağıdılan 52 mindən çox fələstinli evsiz qalıb.

BMT rəsmisinin sözlərinə görə, köçkünlərin təqribən 47 mini Qəzzadakı təşkilata məxsus 58 məktəbdə sığınacaq alıb.

L. Yaerke qeyd edib ki, hava hücumları nəticəsində 132 bina tamamilə dağıdılıb, 316 bina ciddi zədələnib, onlardan 6-sı xəstəxana, 9-u isə ilkin tibbi yardım məntəqələridir.

BMT-nin Humanitar Yardımların Koordinasiyası üzrə Ofisinin sözçüsü vurğulayıb ki, İsrailin Qəzzaya humanitar yardım üçün bir sərhəd-keçid məntəqəsini açması müsbət qarşılanıb, ancaq əlavə bir keçid məntəqəsi də açılmalıdır.

Qeyd edək ki, mayın 10-dan etibarən İsrail və "Həmas" arasında gərginlik artıb. Tərəflərin bir-birinə raket və artilleriya zərbələri endirməsi nəticəsində 200-dən çox mülki şəxs həlak olub. Son məlumatlara görə, İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 197 fələstinli həlak olub ki, onlardan 92-si qadın və uşaqdır. "Həmas"ın İsrailə endirdiyi raket zərbələri nəticəsində isə 10 nəfər həlak olub, onlardan 2-si uşaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR