Ötən il Əfqanıstan hökuməti 5000-dən çox “Taliban” silahlısını əsirlikdən azad edib

Ötən il Əfqanıstan hökuməti 5000-dən çox “Taliban” silahlısını əsirlikdən azad edib
# 04 avqust 2021 16:01 (UTC +04:00)

Ötən il Əfqanıstan hökuməti ABŞ tərəfinin təzyiqi ilə 5000 nəfərdən çox “Taliban” silahlısını əsirlikdən azad edib.

APA-nın RİA “Novosti”yə istinadən məlumatına görə, onların arasında qruplaşmanın Gilmənd qanadının komandiri də var.

“Wall Street Journal” qəzeti yazır ki, həbsdən çıxmadan öncə onlar terrorçulara bir daha qoşulmayacaqları barədə öhdəlik götürsə də, sonradan əksəriyyəti yenidən qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüb.

Bu arada, ölkədə əhəmiyyətli ərazilərə nəzarəti ələ keçirən “Taliban” qruplaşması ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Ötən həftə silahlıların qərbdə yerləşən Herat şəhərinə yaxınlaşdığı barədə məlumat daxil olub. Gilmənd əyalətində də döyüşlər davam edir.

Vəziyyət ABŞ administrasiyasının sentyabrın 11-dək qüvvələri Əfqanıstandan çıxaracağı barədə açıqlaması fonunda gərginləşib.

Qeyd edək ki, 2020-ci ildə rəsmi Vaşinqtonla “Taliban” qruplaşması arasıında 18 illik müharibədən sonra ilk dəfə sülh razılaşması imzalanıb. Sənəd ölkədən qoşunların 14 ay ərzində çıxarılmasını və əsirlərin mübadiləsi prosesi yekunlaşdıqdan sonra Əfqanıstan məsələsi üzrə dialoqun başlanmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR