İradə Aşumova: “London Olimpiadasında öz bacarığımı bir daha sübuta yetirəcəyəm”

İradə Aşumova: “London Olimpiadasında öz bacarığımı bir daha sübuta yetirəcəyəm”
# 27 sentyabr 2008 14:24 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı, güllə atıcısı İradə Aşumova ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN ) rəhbərliyi arasında yaranmış anlaşılmazlıq yoluna qoyulub. Bu haqda “APA-Sport”a İradə Aşumova özü məlumat verib.

AGİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimovla görüşən olimpiya mükafatçısı qarşıya çıxan əngəllərin müsbət həllinə nail olub. Məsələ burasındadır ki, nazirlik Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən Aşumovanı bu ilin mayında Almaniya və İtaliyada keçirilən Dünya Kuboku uğrunda yarışlara ezam etməkdən boyun qaçırmışdı.

Artıq bu problem həllini tapıb. Belə ki, Mirkamil Rəhimov Aşumova ilə görüş zamanı onun gələcəkdə beynəlxalq yarışlarda iştirakı üçün bütün şəraitin yaradılacağını bildirib. Öz növbəsində 50 yaşlı idmançı fəal məşqlərə başlamaq qərarına gəlib: “Ramazan bayramından sonra ciddi məşqlərə başlayacağam. Məqsədim London Yay Olimpiya Oyunlarına mümkün qədər tez lisenziya qazanmaqdır. Həmin olimpiadada öz bacarığımı bir daha sübuta yetirəcəyəm”.

Ölkəmizin ən titullu güllə atıcısının qatılacağı lisenziya xarakterli ilk turnir 2009-cu ilin aprelinə təsadüf edəcək.

Yeri gəlmişkən, Aşumova bir neçə gün öncə keçirilən Bakı kubokunun qalibi olub. O, ümumilikdə 4 idmançının mübarizə apardığı yarışda həm 10 (pnevmatik tapança), həm də 25 metrlik (kiçikçaplı tapança) məsafədən hədəfə atəş açmada birinci yeri tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR