Azərbaycan çempionatı 11 ildən sonra yenidən Bakı İdman Sarayında keçiriləcək

Azərbaycan çempionatı 11 ildən sonra yenidən Bakı İdman Sarayında keçiriləcək
# 06 yanvar 2009 15:46 (UTC +04:00)
Bakı - APA. Ağır atletika üzrə növbəti Azərbaycan çempionatının keçiriləcəyi yer dəqiqləşib. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti, həmçinin milli komandanın baş məşqçisi Vahid Nəzərovun sözlərinə görə, yarış Bakı İdman Sarayında təşkil olunacaq. Yanvarın 8-də start götürəcək çempionat iki gün davam edəcək.

Öncə ölkə birinciliyinin ya Milli Aviasiya Akademiyasının idman zalında, ya da Maştağa Olimpiya Kompleksində keçiriləcəyi bildirilirdi. Lakin sonradan çempionatın paytaxtın mərkəzinə daha yaxın yerdə təşkil edilməsi barədə qərar verilib. Bununla da, 11 illik fasilədən sonra ağırlıqqaldıranlar yenidən Bakı İdman Sarayında podiuma çıxmaq imkanı qazanıblar.

Qeyd edək ki, 1998-ci ildən bəri ağır atletika çempionatı bir qayda olaraq, Bakının mərkəzindən kənarda keçirilir. Ötən il də federasiya rəsmiləri azarkeşlərdə marağı artırmaq, bu idman növünü kütləviləşdirmək məqsədilə yarışı mərkəzə yaxın yerdə gerçəkləşdirmək istəyirdilər. Ancaq onların Respublika Olimpiya Kompleksindən yararlanmaq niyyətləri qalmaqalla nəticələnmişdi və yekunda ağırlıqqaldıranlar Milli Aviasiya Akademiyasının idman zalında çıxış etmişdilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR